Bu gün Qaradağ rayonunda “Qaradağ şadlıq Sarayın”da Bakıda sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərinin xeyriyyə sərgi-yarmarkası keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov, Millət vəkilləri Səbinə Xasayeva və Vüqar İsgəndərov, Sahibkar Qadınlar Cəmiyyətinin sədri Zemfira Ağayeva, KOBİA və ASK nümayəndələri, Qaradağ rayonunun idarə müəssisə rəhbərləri, sahibkarlar və rayon ictimaiyyəti iştirak edib.
Sərgi Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycanda iş adamlarıhnı birləşdirən şəbəkə işçi təşkilatı olan Azərbaycanda Qlobal İş Adamları Assosiasiyası (GABA - Global Association Business People of Azerbaijan Networking) tərəfindən təşkil olunub. Tədbir fiziki imkanları məhdud uşaqların Azərbaycan Himnini ifa etməsi ilə başlayıb.
Daha sonra Azərbaycanda Qlobal İş Adamları Assosiasiyasının sədri Nəzrin Sadıxova çıxış edərək tədbirdə fiziki qüsurlu uşaqların öz əl işlərinin təqdim edə biləcəyi daha bir inklüziv layihə olduğundan, burda onların rəsim, taxta sənətkarlıq, tikmə və digər yaradıcılıq nümunələri təqdim olunduğunu qeyd edib. Xüsusi qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət və qayğı üçün Ölkə Başçısı cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevanın bu sahədə gördüyü misilsiz işlərə görə iştirakçılar adından təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısı nəticəsində ildən-ilə gücləndiyindın söz açıb. Dövlət başçısının “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər” sözlərini xatırladıb. Daha sonra qeyd edib ki, keçirilən bu tədbir Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilir.
Tədbirdə iştirak edən digər qonaqlar əlilliyi olan şəxslərin, xüsusilə gənclərin sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə keçirilən bu tədbirlər fiziki imkanları məhdud şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsinə, onların cəmiyyətə aktiv inteqrasiyasının təmin olunmasına, cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan insanlara diqqətin artırılmasına xidmət edən dövlət proqramlarından söz açıblar.
Tədbir də Qaradağ ərazisində fiziki məhdudiyyətli uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat məktəbi və 6 nömrəli Uşaq Somatik Sanatoriyası fəaliyyət göstərir. Eyni zamanda xüsusi qabiliyyəti olan uşaqlar sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 Nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində xüsusi təhsil də mövcuddur.
Tədbirdə rayonumuzu təmsil edən 5 uşaq özlərinin 8 əl işi ilə sərgidə iştirak ediblər.
Bu yarmarkanın özəlliyi sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların hazırladığı şou proqram olub. Tədbir iştirakçılarına Azərbaycanın Dövlət Himninin sözləri işarət dili ilə ötürülən xüsusi musiqi nömrəsi, rəqs və mahnı təqdim olunub. Daha sonra iştırakçılar təqdim olan sərgi-yarmarkada iştirak ediblər.