"Kənd təsərrüfatının davamlı inkişafı naminə aqrar sahədə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində seminar keçirilib.
"Unikal" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin benefisiarı olduğu sözügedən Layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) maliyyə dəstəyi ilə həyata keçirilir. Seminarda Azərbaycanda su ehtiyyatlarının hazırki vəziyyəti, səmərəli istifadəsi, qlobal iqlim dəyişikliyinin su ehtiyatlarına təsiri və bu məsələlərin həllində sektorlararası əməkdaşlıq və koordinasiyanın rolu barədə müzakirələr aparılıb. Seminarın gündəliyi Azərbaycanda su ehtiyatlarının hazırki vəziyyətini qiymətləndirmək və səlahiyyətli qurumlar arasında koordinasiyanın gücləndirilməsinə istiqamətlənib.
Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firidun Tağıyev su resurslarının kənd təsərrüfatının inkişafı üçün əhəmiyyətindən bəhs edib. O buildirib ki, Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na əsasən ölkənin su ehtiyatlarının qiymətləndirilməsi, sudan qənaətli istifadəni təmin edən müasir suvarma texnologiyalarının təşviq edilməsi, iqlim dəyişikliklərinin içməli su təchizatına mümkün təsirlərini minimuma endirilməsi əsas prioritet məsələlərdən biri olaraq qalır. Eyni zamanda, qlobal iqlim dəyişmələrinin təsiri ilə su ehtiyatlarının davamlı azalması fonunda, bu sahədə idarəetmənin təkmilləşdirilməsi istiqamətində aktiv müzakirələrin aparılması vacibdir.
“Məhdud resurs olamasına baxmayaraq su mövzusu daima öz aktuallığını qoruyub saxlamaqdadır. Bu günki seminarda su ehtiyyatlarının idarə edilməsi yolları, enerji, qida təhlükəsizliyi, kənd təsərrüfatı, ətraf mühit, sağlamlıq və praktiki məsələlər həll yollarını tapmağımız üçün əsas müzakirə mövzumuz olacaq. Qeyd edim ki, seminarın iki panel mövzusu növbəti il BMT-nin beynəlxalq Su Konfransının əsas mövzularından biridir. İnanıram ki, konfransda aparılacaq müzakirələr su ehtiyatlarından səmərəli istifadə və bu sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər baxımından faydalı olacaqdır”. Bu fikirləri seminarda çıxış edən su idarəetməsi üzrə beynəlxalq mütəxəssis, Arizona Dövlət Universitetinin professoru Olcay Ünver deyib.
Tədbirdə çıxış edən Nazirlər Kabineti yanında Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın nümayəndəsi cənab İlqar Poladov tədbirlər planına əsasən görülən işləri və planlaşdırılan addımları qeyd edib. O qeyd edib ki, su ehtiyyatlarının artırılması, onların bərpası üzrə fəaliyyətlər davam edir: “Xüsusilə Mərkəzi Aran, Şirvan, Mil-Muğan zonasının texniki iqtisadi əsaslandırılma prosesindən sonra bu zonada fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır. Digər prioritetlərə əsasən ölkədə yeni 10 su anbarının yaradılması və təmir bərpası nəzərdə tutulur”.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərenerji” ASC, “Azərsu” ASC, Azərbaycan Fermerlər Assosasiyası, qeyri-hökumət təşkilatları, özəl sektor, AMEA və beynəlxalq təşkilatların nümayəndələri təqdimatlarla çıxış ediblər. Seminar çərçivəsində su resurslarının istifadəçiliyində maraqlı tərəflərin interaktiv müzikərəsi aparılıb.
Qeyd edək ki, həyata keçirilən layihənin əsas məqsədi Azərbaycanda su ehtiyatlarının idarə olunması üçün təhlil, planlaşdırma və koordinasiya sahəsində milli imkanları gücləndirməkdir.