Balakəndə avtomobil qaçırmaqda şübhəli bilinən şəxsə hökm oxunub.
"Unikal"ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Elnur Şıxməmmədov (ad-soyadlar şərtidir) Balakən rayonunda yaşayan bacısı gilə qonaq gedib. Daha sonra o, Bakı şəhərinə qayıtmaq üçün Balakən rayon avtovağzalına gedib. Orada Bakı şəhərinə gedən marşrut olmadığı üçün elə avtovağzal ərazisində gəzdiyi zaman dayanacaqda dayanmış VAZ-21074 markalı maşının olduğunu görüb.
Avtomobilin açarı üzərində olub. Elnur da bundan istifadə edib və maşını sürərək avtovağzalı tərk edib. O, Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən yolda idarəetməni itirib və avtomobili yolun kənarındakı səki daşlarına çırpıb. Nəticədə maşına ciddi ziyan dəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 185.1-ci (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb.
Balakən Rayon Məhkəməsinin hökmü ilə, təqsirləndirilən şəxsə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Murad İbrahimli