Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Uşaq Evində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil edilib.
"Unikal" xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, iş adamı Bəhram Məmmədov və Aparatın məsul əməkdaşları iştirak ediblər.
Niyazi Bayramov bildirib ki, uşaqlar cəmiyyətin sabahıdır. Bu gün uşaq və yeniyetmələrə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahə ölkə rəhbəri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim nəzarətindədir. Şəhər rəhbəri uşaqları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara xoşbəxt həyat arzulayıb.
Uşaq evinin sakinləri bir-birindən maraqlı səhnəciklərlə çıxış ediblər. Şaxta Baba və Qar qızın tədbirdə iştirakı isə bayram şənliyinə daha da maraq qatıb. Balaca fidanlar milli və xarici musiqilərin fonunda çıxış edib, müxtəlif rəqs nümunələri nümayiş etdirib, şeir parçaları səsləndiriblər.
Bədii hissədən sonra uşaqlar üçün bayram süfrəsi açılıb, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Uşaq Evinin sakinlərinə müxtəlif bayram hədiyyələri təqdim edilib.
Sonda Gəncə Şəhər Uşaq Evinin direktoru Nazilə İsmayılova Uşaq Evinin sakinlərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.