“Akif Çovdarovun bazar dəyəri 30 milyon olan müsadirə edilmiş əmlakları Bakı Apellyasiya Məhkəməsi tərəfindən geri qaytarılıb. Dünəndən zərərçəkənlər tərəfindən mənə onlarla zəng edilib. Media, sosial şəbəkələr də dağılır, hamı şok içindədir ki, görəsən nə baş verir? Zərərçəkənlər pullarını, əmlaklarını neçə illərdir ki, geri ala bilmir, məhkəmə qapısı döyməkdən beziblər”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.
“Dövlətə, vətəndaşlara və sahibkarlara dəyən ziyan necə ödənilib? Ödənilibmi? Hansı vəsait və əmlaklarla? Belə çıxır ki, dövlət vəzifəsi tut, ye, dağıt, vəzifədən sui-istifadə edib vətəndaşlara divan tut, bir az yat və sonra da çıxıb kef elə? Bu hansı dövlətçilik məntiqinə sığır? Şəxsi qərəzliyim yoxdur, fərdi zərərçəkmiş deyiləm. Amma, bizlərin hamımız dövlətin bir parçası olaraq zərərçəkmişlərik. Bu şəkildə olan məhkəmə qərarları dövlətçiliyimizin sütunlarını laxladır, vətəndaşların inamını sarsıdır, ölkəmizin nüfuzuna zərər vurur və gələcəyə ümidi öldürür. Mənim Akif Çovdarovun ailə üzvlərinin əmlak sahibi olmasına qarşı deyiləm, ədalətin, düzlüyün, etibarın tərəfdarıyam”.
R.Nurullayev qeyd edib ki, bu məsələnin ciddi müzakirəsinə ehtiyac var: “Hakimlər formal ədalət mühakiməsini yox, həqiqi ədalət mühakiməsini həyata keçirməlidir. Ictimai rəy, bu məsələ ilə bağlı ciddi izahlar və açıqlamaların olmasını tələb edir. Bu cür açıq danışmaq mənim özümü də təhlükəsizliyim baxımından narahat edir, lakin özümü saxlaya bilmirəm. Bilmirəm ki, düzdür ya səhv, amma dövlətçilik üçün şəxsimizlə bağlı çox şeyi qurban verdiyimiz kimi, bu məsələdə də etiraz səsimizi ucaltmağın da haqqımız olduğunu düşünürəm. Əgər bu məsələdə səhvim və yanlışlığım varsa, sübut olunacağı təqdirdə bunu etiraf etmək cəsarətim də var".
Anar Kəlbiyev