Dekabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Qobu park 2” yaşayış kompleksində fəaliyyət göstərən “Xocalı” idman klubunun üzvləri ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə idman klubunun qəsəbədə fəaliyyət göstərən bölməsinin baş məşqçisi Novruz Xudiyev və idmançılar iştirak edib.
Qeyd olunub ki, Prezident İlham Əliyev idmana və idmançılara diqqət və qayğını dövlət siyasətinin tərkib hissəsi kimi müəyyənləşdirib. Bunun nəticəsində ölkəmiz bədən tərbiyəsi və idmanın inkişafında mühüm nailiyyətlər əldə edir, idmançılarımız müxtəlif nüfuzlu yarışlarda yüksək nəticələr qazanırlar. Birinci vitse-prezident xanım Mehriban Əliyeva gənc nəslin fiziki və mənəvi sağlamlığına, sosial müdafiəyə xüsusi ehtiyacı olan uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyasına, onların həyatda öz yerini tutmasına, layiqli vətəndaş kimi böyüməsinə böyük qayğı göstərir.
Vurğulanıb ki, məcburi köçkünlər arasında da idmanın kütləviliyinin artırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir, onlar üçün salınmış qəsəbə və yaşayış komplekslərində idman bölmələri fəaliyyət göstərir.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev idmançıları təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra Novruz Xudiyev idman klubunun bir illik fəaliyyəti, üzvlərin kikboksinq idman növü üzrə qazandığı qələbələr haqqında ətraflı məlumat verib, səmimi görüşə görə minnətdarlıq bildirib.
Sonda xatirə şəkli çəkdirilib.