Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 31-də Baş Klinik Hospitalı ziyarət edib.
Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsinə ehtiram nümayiş etdirilib.
Sonra general-polkovnik Z.Həsənov Baş Klinik Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağalmalarını və xidmətlərini davam etdirmək üçün hərbi hissələrinə qayıtmalarını arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdıran nazir onlara bayram hədiyyələrini təqdim edib.
Daha sonra general-polkovnik Z.Həsənov hospitalın tibb personalı ilə görüşüb, həkimlərimizin xəstə və yaralı hərbi qulluqçuların müalicəsində göstərdikləri xidmətləri müsbət qiymətləndirib. Qeyd olunub ki, Vətən müharibəsində və digər döyüş əməliyyatlarında hərbi tibb personalı öz vəzifəsinin öhdəsindən layiqincə gələrək yüksək peşəkarlıq nümayiş etdirib, yaralı hərbçilərimizin tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarına nail olub.
Hərbi həkimlər də öz növbəsində Azərbaycan Ordusunun bütün sahələrinə olduğu kimi hərbi tibb sahəsinə də göstərilən diqqətə görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür ediblər.