Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Şuşadan keçən Xankəndi-Laçın yolunda etiraz aksiyasının ərazisində bayram konserti keçirilir.
"Unikal" "Report"a istinadən xəbər verir ki, ekofəllara və könüllülərə dəstək vermək üçün musiqiçilər aksiyanın keçirildiyi əraziyə gəliblər.
Onlar milli və vətənpərvərlik ruhunda musiqilər ifa edirlər.
Hazırda aksiya iştirakçılarının əhval-ruhiyyələri yüksək səviyyədədir.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 20 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.