Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 2022-ci ilin dekabr ayı ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, hədə-qorxu ilə pul tələb etmə, quldurluq cinayətləri edən ümumilikdə 32 nəfər saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslərdən 19-u narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Onlardan 18-i barəsində məhkəmə tərəfindən həbs, 1-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən müxtəlif çəkilərdə psixotrop maddə olan metamfetamin, tiryək, heroin və marixuana çıxarılıb.
Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində yerləşən evlərdən oğurluqlar edən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə bankların qarşısında dayanaraq yaşlı insanlara kömək etmək adı ilə yaxınlaşan və pullarını ələ keçirən 1, vətəndaşların etibarından sui-istifadə edərək onları dələduzluq yolu ilə aldadan 2, soyğunçuluq və quldurluq edən 3, hədə-qorxu ilə pul tələb edən 2 nəfər, axtarışda olan 1 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.
Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.