"2023-cü ilin ilk ayının ilk günlərini yaşayırıq. Yeni il yeni çağırışlar, yeni hədəflər deməkdir. Bu hədəflər dövlət başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində öz əksini tapdı. Yeni il, eyni zamanda, ötən ilə bir baxış və əldə edilən uğurların fonunda qarşıdakı dövrün əsas çağırışlarının müəyyənləşdirilməsidir. Bu baxımdan böyük qürur hissi ilə qeyd edə bilərik ki, 2022-ci il tariximizə növbəti uğur səhifəsini yazdı. Fikrimizin təsdiqi üçün ölkəmizin iqtisadi, siyasi, hərbi, diplomatik sahələrdə qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir".
Bu fikirləri "Unikal"a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, Dövlət başçısının qeyd etdiyi kimi, bütün nailiyyətlərə çatmaq üçün güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib.
"Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. 2022-ci ilin iqtisadi göstəricilərinə diqqət yetirək. İqtisadiyyat təxminən 5 faiz, qeyri-neft sektoru 9 faizdən çox artıb. Ümumi daxili məhsul ötən il rekord həddə – 130 milyard manata çatıb. Xarici dövlət borcumuz xeyli azalıb. Prezident İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki, bu hədəf qarşıya qoyulmuşdur ki, xarici borcumuz ümumi daxili məhsulun 10 faizini təşkil etməlidir. Keçən il 17 faiz idi, bu ilin son nəticələrinə görə 9,5 faizdir. Müqayisə əsasında qeyd edildi ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100, 120, hətta 150 faizini təşkil edir. Bu statistika Azərbaycanın tamamilə beynəlxalq maliyyə institutlarından asılı olmadığını təsdiqləyir.
Məhz ölkəmizin artan iqtisadi imkanları digər sahələrdə də uğurlu nəticələrin əldə olunmasına əsas yaradır. Başqa sözlə, iqtisadi və siyasi müstəqilliyin vəhdətinin qorunması Azərbaycanın davamlı uğurlarını şərtləndirən əsas amillər sırasındadır. İki ildən artıqdır ki, postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Azərbaycanın bu dövrdə həm iqtisadi, həm də siyasi sahədə uğurları harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda qürur hissi yaradır. İşğaldan azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa-quruculuq işləri bir tərəfdən iqtisadi və maliyyə imkanlarımızın genişliyini, digər tərəfdən isə xalqımızın qurucu xalq olduğunu, öz torpaqlarına sahib olmaq və inkişaf etdirmək üçün böyük fədakarlıq göstərdiyini təsdiqləyir. Azərbaycan, eyni zamanda, beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsini Ermənistana təklif edib, onların qarşı tərəfdən qəbuluna nail olmaqla bir daha ədalətin və beynəlxalq hüququn mövcudluğunu təsdiqlədi”.
Vüqar Rəhimzadə qeyd edib ki, bu gün işğaldan azad edilmiş torpaqlarımız, ümumilikdə, bütün regionlarımız inkişaf dövrünü yaşayır: “Ötən il dövlət başçısı İlham Əliyevin regionlara 30 səfəri olub ki, bunların 21-i işğaldan azad edilmiş ərazilərimizədir. Hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir. Ötən il bu istiqamətdə ilk addım atıldı. Zəngilanın Ağalı kəndi «ağıllı kənd» layihəsi çərçivəsində bərpa olunaraq istifadəyə verildi və sakinlərini qarşılayaraq yeni həyata başladı. Şərqi Zəngəzurun hava qapısı dünyaya açıldı. Belə ki, Zəngilan Beynəlxalq Hava Limanı dövlət başçısı İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi. Bu mühüm addımın böyük iqtisadi və strateji əhəmiyyəti vardır. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərimiz böyük turizm imkanlarına malikdir, bu halda Beynəlxalq Hava limanlarının istifadəyə verilməsinin gələcəkdə bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına töhfələri özünü qabarıq şəkildə büruzə verir. Bu sırada ötən ilin avqustunda dövlət başçısı İlham Əliyevin Laçın şəhərinə, eyni zamanda, həmin rayonun Zabux və Sus kəndlərinə qayıdışımızla bağlı paylaşımını da xüsusi qeyd edə bilərik. Müzəffər Ali Baş Komandan sentyabrın 21-də Laçın rayonuna səfəri zamanı Laçın şəhərinin mərkəzində Azərbaycan Bayrağını ucaltdı. Bildirdi ki, artıq Laçının bərpası və yenidən qurulması zamanıdır. Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu hədəfi də açıqladı ki, 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar”.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycanın siyasi uğurlarına gəldikdə isə 2022-ci il ölkəmiz üçün bu sahədə də möhtəşəm nailiyyətlərlə yadda qalıb: “Azərbaycanın sözünün imzası qədər dəyərli və əhəmiyyətli olduğu beynəlxalq səviyyədə etiraf edilən mühüm məqamlardan oldu. Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə hər bir səfəri, eyni zamanda, beynəlxalq tədbirlərə fəxri qonaq qismində dəvət edilməsi və həmin tədbirlərdəki çıxışları bir çox məqamlara işıq saldı. Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi beynəlxalq arenada yerini və rolunu möhkəmləndirdi. Ölkəmizin türk dünyasının birliyinə davamlı töhfələri də diqqətdən kənarda qalmadı. Prezident İlham Əliyevin Türkiyəyə iki, qardaş ölkənin başçısı Rəcəb Tayyib Ərdoğanın isə üç dəfə ölkəmizə səfəri, həmçinin digər türkdilli dövlətlərə qarşılıqlı səfərləri ötən ilin mühüm hadisələri sırasında yer aldı. Dövlət başçısı İlham Əliyev bir daha bəyan etdi ki, türk dünyası böyük bir ailədir. Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur”.
Vüqar Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin müraciətində Azərbaycanın enerji sektorunda qazandığı uğurların fonunda səsləndirdiyi hədəflərə də yönəldib: “Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandum imzalandı. Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır. Ötən ilin sonunda - dekabrın 17-də isə yeni böyük meqalayihəyə start verildi. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi imkan verəcək ki, Azərbaycan bu sahədə də öz rolunu daha geniş miqyasda oynasın. Çünki bu elektrik enerjisinin əsas təchizatçısı Azərbaycan olacaq. Əsas hədəf budur ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası olmalıdır. Prezident İlham Əliyev bildirdi ki, bu hədəfə nail oluruq və olacağıq. Azərbaycanın çox geniş bərpaolunan enerji mənbələri həm ölkəmiz, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmiz enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevriləcək”.
“Ötən il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Şuşa İli” elan edildi. Bu il isə “Heydər Əliyev İli” elan olunub. “Şuşa İli” çərçivəsində görülən işlərin miqyası o qədər genişdir ki, onların hamısını əhatə etmək mümkün deyil. Çünki 2022-ci il təkcə Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşanın deyil, bütün işğaldan azad edilmiş ərazilərimizin dirçəlişinə xidmət edən addımlarla zəngindir. Dövlət başçısı İlham Əliyev müraciətində bu hədəfi də böyük əminliklə qeyd etdi ki, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb. Cənab İlham Əliyev bu əminliyini də ifadə etdi ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma yurd-yuvasına qayıdacaq.
“Heydər Əliyev İli” isə özündə daha möhtəşəm hədəfləri, çağırışları ehtiva edir. “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.
Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, dövlət başçısı İlham Əliyevin müraciəti 2023-cü il üçün hədəflərin təqdimatı oldu. Əldə etdiyi uğurlarla kifayətlənməyərək daim irəli baxan Azərbaycanı cari ildə daha möhtəşəm uğurlar gözləyir. Qarabağ və Şərqi Zəngəzur bu il də iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətində olacaq və bu məkandan bir daha “Qarabağ Azərbaycandır!” söyləyəcəyik.