Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlarına müraciət edib.

Dövlət Agentliyindən "Unikal"a bildirilib ki, yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlara “ASAN xidmət” mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üzrə xidmətlər göstərilir.

Müvafiq xidmətlər barədə daha ətraflı:

• Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar dəyişdirilməsi;

• Şəxsiyyət vəsiqəsinin itirilməsi, korlanması və oğurlanması halı ilə əlaqədar dəyişdirilməsi;

• Şəxsiyyət vəsiqəsinin ad, soyad, ata adının dəyişdirilməsi ilə əlaqədar dəyişdirilməsi;

• Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısının (çipinin) korlanması ilə əlaqədar dəyişdirilməsi;

• Şəxsiyyət vəsiqəsinin qan qrupu, göz rəngi və boy ilə bağlı məlmatlarda dəyişiklik edilməsi ilə əlaqədar dəyişdirilməsi;

• Şəxsiyyət vəsiqəsinin yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə əlaqədar dəyişdirilməsi;

• Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi.

Qurum vətəndaşlardan əlavə vaxt itkisinin və məsrəflərinin qarşısını almaları, mərkəzlərdə növbə gözləmədən xidmətlərdən yararlanmaları məqsədilə "ASAN növbə" mobil tətbiqindən istifadə etmələrini xahiş edib.

Eyni zamanda mərkəzlərə birbaşa müraciət zamanı Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 79 ünvanında yerləşən 7 saylı Bakı "ASAN xidmət" mərkəzinə üstünlük vermələri tövsiyə edilib.

***12:39

Bakıda və ölkənin digər şəhər və rayonlarında yaşayan Naxçıvan Muxtar Respublikası sakinlərinin "ASAN xidmət" mərkəzlərində şəxsiyyət vəsiqələrini dəyişdirməsi mümkün olacaq.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov məlumat verib.

O bildirib ki, Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar etibarlılıq müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişdirilməsi, həmçinin köhnə nəsil şəxsiyyət vəsiqələrinin yeni nəsil şəxsiyyət vəsiqələri ilə əvəz edilməsi üçün “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.