Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın tam söndürülüb.
Bu barədə "Unikal"a FHN-dən bildirilib.
Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin əlaqəli və səmərəli tətbiqi, yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilməyib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
22:23
“Sədərək” ticarət mərkəzində yanğının söndürülməsinə 30 ədəd texnika və 130 nəfər şəxsi heyət cəlb edilib.
Bu barədə "Unikal"a FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəis müavini daxili xidmət polkovniki Əkbər Novruzov bildirib.
“Saat 18:24 məlumat daxil olub. Hadisə yerinə həm Qaradağ rayonu, həm də Bakı qarnizonunun 30 ədəd texnikası və 130 şəxsi heyət cəlb edilib. Yanğın üç saat ərzində lokallaşdırılıb. Məlumat daxil olan andan 4 dəqiqə ərzində əraziyə yanğınsöndürənlər cəlb edilib. Lakin, yanğının ikinci mürəkkəblik dərəcəsinə görə əraziyə əlavə əməkdaşlarımız cəlb edilib. Hal-hazırda yanğın lokallaşdırılıb. Yanğın 16 və 17-ci sırada başlayıb. Əsasən yanan elektrik cihazları və məişət əşyalarıdır. Hazırda yanğının səbəbləri araşdırılması üçün istintaq araşdırması aparılır. Tüstülənmə müşahidə edildiyindən yanğının əhatə dairəsini hesablamaq mümkün olmayıb. Hazırda yanğının əhatə dairəsi hesablanır” – deyə Novruzov qeyd edib.
21:13
"Sədərək" ticarət mərkəzində baş verən yanğın söndürülüb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ticarət mərkəzinin yanğın olan və ona bitişik hissələri tam polis nəzarətinə götürülüb. Ticarət obyektləri və içərisində olan malların mühafizəsi təşkil edilib.
20:36
Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
"Unikal" xəbər verir ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda hadisə yerindədir.
Əlavə məlumat veriləcək.
19:51
“Sədərək” Ticarət Mərkəzində (TM) baş verən yanğınla əlaqəli polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib”.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
“Təhlükəsizlik tədbirləri görülür. Ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb”, - DİN rəsmisi qeyd edib.
19:01
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.