Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ASC tərəfindən “CanSat Azərbaycan 2023” müsabiqəsi ilə bağlı infosessiya keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə AzMİU-nun professor-müəllim heyəti, Azərkosmosun əməkdaşları və tələbələr iştirak ediblər. TEC-in sədri Günel İmamquliyeva cıxış edərək müsabiqə barədə tələbələrə qısa məlumat verib.
Daha sonra Azərkosmosun əməkdaşı Nigar Əliyeva tələbələri müsabiqənin keçirilməsi mərhələləri barədə ətraflı məlumatlandırıb. Nigar Əliyeva "CanSat Azərbaycan 2023” müsabiqəsinin ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılmasına, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdırılmasına və yerli kadrların yetişdirilməsinə yönəldiyini qeyd edib. O, müsabiqədə gənclərin qarşısına qoyulan tapşırıqların elektronika, mexanika və proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri biliklərin əldə olunub təcrübədə tətbiqi və təkmilləşdirilməsinə şərait yaradacağını vurğulayıb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.