Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) I BMT modeli simulyasiya konfransı keçirilib.
"Unikal" xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin Azərbaycandakı nümayəndələrinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən həyata keçirilən “AzMUN” proqramı çərçivəsində təşkil olunub.
İki gün davam edəcək simulyasiya konfransında Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən istedadlı tələbələr iştirak edir. Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikadan müxtəlif dövlətləri təmsil edəcək olan gənclər BMT-nin baş Assambleyası və UNESCO-nun Ümumdünya İrs Komitəsində iştirak edərək mühazirələr və debatlar aparacaq, verilən problemlər üzrə həll yollarını araşdıracaq, müxtlif qətnamələr qəbul edəcəklər.
Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AzMİU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə ptorektoru Orxan Naqdiyev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Elnur Abdullayev, Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmliyev, AzMİU-nun ST və MKS fakültəsinin məzunu, BMT-nin Cenevrədəki nümayəndəsi Rövşən Səfərov çıxış edərək konfransla bağlı öz fikirlərini bölüşüblər. Qeyd olunub ki, qloballaşan dünyada peşəsindən aslı olmayaraq hər kəsin ictimai, siyasi və diplomatik aktivlik göstərməsinə, gənc yaşlarından etibarən beynəlxalq aləmi tanımasına, müxtəlif diplomatik hücumlara qarşı hazırlıqlı olmasına böyük ehtiyac var.
Sonda AzMUN programının rəhbəri Leyla Məmmədzadə konfransada iştirak edən qonaqlara və gənclərə minnətdarlığını bildirib və hər bir iştirakçıya uğurlar arzulayıb.