Müdafiə Nazirliyinin sifarişi ilə bölgələrdən birində silah-sursat anbarının tikintisi, o cümlədən, ərazinin abadlaşdırılması və mebel avadanlıqlarının quraşdırılması işlərinin icrası zamanı 7 milyon manat mənimsəməkdə ittiham olunan şirkət rəhbəri Üzeyir Həsənovun məhkəməsi başlayıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
“Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənov Tarix Muzeyində mənimsəmələrə görə də ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Şirkət rəhbəri 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməməkdə, qiymətləri sənədlərdə şişirtməkdə ittiham olunur.
İş üzrə dövlətə ümumilikdə 7 milyon 353 min manat ziyan dəydiyi iddia olunur.
İttihama görə, Üzeyir Həsənov, həmçinin 2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Tarix Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi, təmir-bərpa işlərin aparılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.
Şirkət rəhbəri verilmiş ittihamlarla özünü təqsirli bilməsə də, ziyanı ödəməyə razı olduğunu deyib. Vəkillər buna görə Üzeyir Həsənovun ev dustaqlığına buraxılmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
Proses yanvarın 18-də davam etdiriləcək.