Gəncə Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti dəfə görüş keçirilib.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə uyğun olaraq, dövlət qurumları Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin aradan qaldırması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təsdiq etdiyi qrafikə əsasən, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının müavinləri və şöbə müdirləri tərəfindən həftə ərzində vətəndaş qəbulları keçirilməkdədir.
13 yanvar 2023-cü il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin birinci müavini Səməd Tomuyev və Aparatın məsul əməkdaşları bir qrup şəhid ailələri ilə görüşüblər. Səməd Tomuyev qeyd edib ki, Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir.
Görüşdə iştirak edən şəhid ailələrinin müraciətləri tək-tək dinlənilib. Səslənən müraciətlərin, dilə gətirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq, qanunauyğun formada həlli istiqamətində nəzarətə götürülüb.
Şəhid ailələri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, bu kimi görüşlər davamlı şəkildə həyata keçirilir.