Azərbaycan Respublikasının Kosmik Agentliyi olan “Azərkosmos” silsilə infossessiyalara start verib. İlk infosessiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutub.
"Unikal" xəbər verir ki, “Azərkosmos”un əməkdaşları Fidan Behbudova və İmran Muxtarov tərəfindən SABAH qrupları “İdman menecmenti və kommunikasiya” və “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasları üzrə təhsil alan tələbələrə yanvarın 9-da və 12-də infosessiya keçirilib.
Daha sonra ASAPES-in prorektoru Təhminə Tağı-zadə qonaqlara Akademiyanın hazırkı və gələcək fəaliyyət planları barədə ətraflı məlumat verib. Eyni zamanda, Elmi-tədris laboratoriyası ilə Multimedia Mərkəzinə baxış keçirilib və hər iki mərkəzin fəaliyyət istiqaməti barədə məlumat verilib.
Qeyd edək ki, “Azərkosmos” kosmik agentliyi sülh və rifah naminə yüksək texnologiyalara əsaslanan fərdi həllər təqdim edərək, qlobal miqyasda rabitə şəbəkəsini təmin etmək, istedadlar yetişdirmək, regional kosmik mərkəz kimi xidmət göstərmək və ölkəmizdə kosmik sənayenin inkişafına töhfə vermək kimi fəaliyyət istiqamətlərini özündə birləşdirir.