Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elzamin Gəncəliyev müəyyən edilərək şöbəyə gətirilib. Onun üzərində aparılan baxış zamanı sellofan bükümlərdə qablaşdırılmış külli miqdarda psixotrop maddə olan metamfetamin və marixuana aşkar edilərək götürülüb.
Şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində rayon ərazisində mal-qara oğurluğu ilə məşğul olmaqda şübhəli bilinən qrup üzvləri saxlanılıblar. Araşdırmalarla onların Ağcabədi rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Zülfiqar Cəfərov, Əbülfəz Hüseynov və Zülfiqar Əhmədov olduqları müəyyən edilib. Adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq rayonun müxtəlif kəndlərində yerləşən fermalardan 49 baş xırdabuynuzlu və 2 baş iribuynuzu heyvanları oğurlayaraq vətəndaşlara 15 min manata yaxın ziyan vururblar. Araşdırmalarla Z.Cəfərovun yaşadığı ünvandan 19 baş xırdabuynuzlu və 2 baş iribuynuzlu heyvan aşkar edilərək maddi sübut kimi götürülüb. Həmin şəxslərin analoji cinayətlərdə iştiraklarının yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bundan başqa keçirilmiş tədbirlərlə rayon ərazisindəki fermaların birindən xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən daha bir qrup üzvləri də saxlanılıblar. Onların Yevlax rayon sakini Vüsal İsayev, onun həyat yoldaşı kimi yaşadığı Arzu Davidova və Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Anar Babaşov olduqları aşkar edilib. Həmin şəxslər öncədən planlaşdıraraq rayon ərazisində yerləşən fermaya daxil olub və oradan 10 baş xırdabuynuzlu heyvan oğurlayaraq zərərçəkmiş şəxsə 2000 manat miqdarında ziyan vurublar.
Qeyd edilən faktlarla əlaqədar Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, müvafiq araşdırmalar davam etdirilir.