Türkiyə qlobal enerji nəhənginin Qara dənizdə yeni qaz yatağının birgə işlənməsi təklifini rədd edib.

"Unikal" xəbər verir ki, bu barədə "Sabah" məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Qara dənizdəki qaz yataqlarının işlənməsi üzrə əməkdaşlıq təklifləri əvvəllər ABŞ, Böyük Britaniya və Kanadadan gəlib, lakin bu yaxınlarda Türkiyə tərəfi “ən konkret təklif” alıb.

Qeyd olunur ki, “qlobal enerji sektoruna hakim olan dünyanın enerji nəhənglərindən biri” Türkiyəyə kəşfin bazar dəyərinin yarısını nağdlaşdırmağı və təbii qazın kəşfiyyatı, hasilatı və dünya bazarına satışı ilə bağlı bütün əməliyyatları birlikdə həyata keçirməyi təklif edib. 

Enerji sektorunun nümayəndələri bu təklifin rədd edildiyini, Türkiyənin hazırda dünyada təbii qaz kəşfiyyatı və hasilatı imkanı əldə edən ölkələrdən biri olduğunu vurğulayıblar.

Ötən ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə “Fatih” qazma gəmisinin ehtiyatları 58 milyard kubmetr olan yeni qaz yatağı kəşf etdiyini, Qara dənizdəki ümumi qaz ehtiyatlarının 710 milyard kubmetrə çatdığını və 1 trilyon dollar dəyərində olduğunu açıqlamışdı. 

Ramil Zeynallı