"Ukraynanın münaqişənin hər iki tərəfinin qəbul edəcəyi sülhə ehtiyacı var, birtərəfli sülh nə Kiyev, nə də Moskva tərəfindən qəbul edilməyəcək".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Ukraynadakı müharibəyə gəlincə, biz əvvəldən onu bitirmək üçün səy göstəririk. Müharibənin ilk aylarındakı şərait indiki ilə müqayisədə çox fərqlidir. Müharibə nə qədər uzansa, bir o qədər çətinləşir. İndi də biz sülhdən yox, heç olmasa atəşkəsdən danışırıq”, - Çavuşoğlu macar həmkarı Peter Szijyarto ilə çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ankara münaqişənin lap əvvəlindən “davamlı sülhdə uduzan olmadığı kimi, bu müharibədə də qalib olmayacaq” deyib.
“Biz səylərimizi davam etdirəcəyik, çünki bu müharibənin danışıqlar masası arxasında bitəcəyinə inanırıq. Hər iki tərəfin qəbul edəcəyi sülh lazımdır. Bu, hər iki tərəfin iştirakı olmadan mümkün deyil. Birtərəfli sülh nə Rusiya, nə də Ukrayna tərəfindən qəbul edilməyəcək. Həqiqətlə üz-üzə gəlmək lazımdır”, - Türkiyə XİN rəhbəri bildirib.