Rusiya Federasiyası Kiyevdən Ukrayna münaqişəsinin həlli üzrə birbaşa danışıqların davam etdirilib-etdirilməməsi ilə bağlı mövqeyini ifadə edən siqnallar gözləyir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Peskovun sözlərinə görə, hazırda sülh prosesinin dayanması ilə bağlı qəti nəticə çıxarmaq düzgün olmazdı.

“Biz hələ də Kiyev rejimi nümayəndələrindən Rusiya və Ukrayna arasında birbaşa danışıqların üçüncü raunduna çıxmaq istəyinə və ya istəksizliyinə dair müəyyən siqnalların gəlib çatmasını gözləyirik. Dəfələrlə vurğulamışıq ki, qarşıya qoyulan məqsədlərə siyasi-diplomatik yollarla nail olunması bizim üçün üstünlük təşkil edir,” - deyə Peskov qeyd edib.

Prezidentin sözçüsü əlavə edib ki, hazırda Ukrayna böhranının sülh yolu ilə tənzimlənməsi baş vermir. Bu səbəbdən Rusiya hərbçiləri xüsusi hərbi əməliyyatı davam etdirirlər və sahədə vəziyyət hər gün dəyişir.

Gülayə Mecid