Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopa Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.
"Unikal" xəbər verir ki, şəhər rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin görüldüyünü qeyd edib.
Recep Öztop, öz növbəsində, göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Təbii fəlakət nəticəsində həlak olanlar, yaralananlar və dağıntı altında qalanlar var. Şiddətli yeraltı təkanların Suriyada, Livanda və İsraildə də hiss edildiyi bildirilir.