Fevralın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) məzun şəhid Əlihüseyn Məmmədova həsr edilmiş tədbir keçirilib. Şəhidimizə həsr olumuş tədbirdə ADNSU-nun məzun şəhidlərinin valideynləri, ailə üzvləri, universitetin professor-müəllim heyəti iştirak edib.
"Unikal" xəbər verir ki, öncə tədbir iştirakçıları universitetdə şəhid məzunlarımızın xətirə guşəsi önünə gül dəstəsi qoyublar. Sonra tədbir ADNSU-nun məzun şəhidi Əlihüseyn Məmmədovun adına olan auditoriyada davam edib.
ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Energetika fakültəsinin dekanı, dosent Aydin Əliyev və Enerji istehsalı texnologiyaları kafedrasının müdiri, dosent Şükür Nəsirov çıxış edərək 44 günlük Vətən müharibəsində qazandığımız zəfərdən danışıblar. Çıxışlarda qeyd olunub ki, Vətən müharibəsində Azərbaycan xaqlı yumruq kimi birləşdi, heç kim əlindən gələni əsirgəmədi. Torpaqlarımızın azad olunması uğrunda düşmənə qarşı döyüşlərdə ADNSU-nun məzunları, o cümlədən Əlihüseyn Məmmədov da igidlik və fədakarlıq nümunəsi göstərən qəhərəman övladlarımızdandır.
Şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova və tədbirdə iştirak edən digər şəhidlərimizin ailə üzvləri və yaxınları onlara göstərilən diqqətə görə razılıqlarını bildiriblər, universitet rəhbərliyinə təşəkkür ediblər.