“Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-in ilkin olaraq 370 xilasedicisi xüsusi xilasetmə avadanlığı və təminat növləri ilə təchiz olunaraq, qardaş ölkəyə göndərilir".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) rəisi, general-mayor Etibar İsmayılov deyib.
O bildirib ki, azərbaycanlı xilasedicilər zəlzələnin nəticələrinin aradan qaldırılmasında türkiyəli qardaşları ilə birlikdə çalışacaqlar.
Növbəti mərhələdə yeni yardımların da göndərilməsinin nəzərdə tutulduğunu vurğulayan Xidmət rəisi qeyd edib ki, Türkiyədə xilasetmə işləri üçün XRXX-nin Kinoloji qrupunun kinoloqları və xüsusi təlim keçmiş 8 iti göndərilir.
FHN-in xilasetmə qrupunun fəaliyyət göstərəcəyi ərazi zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə Mərkəzi Qərargahla razılaşdırıldıqdan sonra müəyyənləşdiriləcək.