UNEC-də yeni tədris ilindən tətbiq olunan “Çevrilmiş tədris” (Flipped education) metodunun nəticələri müzakirə olunub.
"Unikal" xəbər verir ki, tədbirdə UNEC rektoru professor Ədalət Muradov, müvafiq struktur rəhbərləri və müəllimlər iştirak ediblər.
Rektor Ədalət Muradov UNEC-də müasir universitet modelinin tətbiqi istiqamətində səylərin davam etdirildiyini bildirib: “Universitetin əsas hədəflərindən biri tələbələrə praktiki vərdişləri aşılamaq və dünya universitetlərinin üzərində işlədiyi XXI əsr bacarıqlarının formalaşdırılmasıdır. Dünya çox sürətlə dəyişir, nəzəri biliklər sürətlə deformasiyaya uğrayır. Bu səbəbdən də dünya universitetləri dəyişməz qalan bacarıqların tədrisinə fokuslanır. UNEC-də də sentyabr ayından ən müasir metodologiyalara əsaslanan “Çevrilmiş təhsil” yanaşmasının tətbiqinə başlanılıb. Dünyanın aparıcı universitetlərində tətbiq olunan metodun əsas özəlliyi dərs zamanı biliklərin tələbələrə daha rahat qavraya biləcəkləri audio, video, infoqrafik və yazılı formada ötürülməsidir”. Rektor pilot olaraq tətbiq olunan yeni metodun uğurlu olacağından əminliyini ifadə edib.
Sonra rəqəmsallaşma üzrə prorektor dosent Raqif Qasımov “Çevrilmiş tədris” metodunun nəticələri ilə bağlı hesabat verib. Hesabatda bildirilib ki, yeni metodun tətbiqi nəticəsində tələbələrdə tədris materiallarını sərbəst öyrənmə bacarığı formalaşıb, onların mənimsəmə və keyfiyyət göstəriciləri yüksəlib, fərdi öyrənmə trayektoriyası, qrup şəklində işləmə, öz aralarında kommunikasiya bacarıqları inkişaf edib.
Prorektor tədrisin təşkili ilə bağlı tələbələr arasında sorğunun keçirildiyini də bildirib. Fənlər üzrə keçirilən sorğuda tələbələr yeni tədris metodunun tətbiqini yüksək qiymətləndiriblər.
“Çevrilmiş tədris” metodu tətbiq olunan qruplarda tədrisin təşkili üzrə monitorinq aparılaraq, nəticələri təhlil olunub. Yeni metodun müəllim və tələbələrin motivasiyasına müsbət təsir etdiyi, video, audio, infoqrafik və yazılı formada tələbələrə təqdim olunan tədris materiallarının mənimsənilməsində yüksək göstəricilərin əldə olunduğu müəyyənləşib. Hesabatda fənlər üzrə mənimsəmə və keyfiyyət faizləri də açıqlanıb. R.Qasımov yaz semestrindən hər fakültə üzrə 5 qrupda “Seçilmiş tədris” metodu tətbiq olunacağını diqqətə çatdırıb.
Sonra yeni metodun səmərəliyinin artırılması yolları haqqında fikir mübadiləsi aparıəb, təkliflər səsləndirilib.