"Qiymət artımının qarşısını almaq mümkün görünmür. Bunun səbəblərindən biri də çox məhsul istehsal edə bilməməyimizdir".
Bunu "Unikal"a açıqlamasında deputat Razi Nurullayev deyib. O bildirib ki, istehsal etdiyimiz ərzaq və ya digər məhsullar olsa da, onların tərkibində olan komponentlər 50 faizdən çoxdur:
"Bunu yerli məhsul saymaq olmaz. Ona görə ki, tərkibinə vurulan maddələr başqa ölkələrdən gətirilir. Təbii ki, həmin məhsulun qiymətini aşağı sala bilmərik. Ona görə də həssas qrupların bahaçılıqdan çəkdiyi zülmü azaltmaq üçün onlara sosial paketlər təqdim olunmalıdır. Məsələn, Almaniya kimi ölkədə xüsusi marketlər var ki, kasıblar gedib oradan özünə nələrsə alır. Güzəştə düşən məhsulları o mağazada satırlar, kasıblar da oradan ala bilir. Doğrudur, bizdə bunun həyata keçirilməsi bir az problem olar. Belə ki, varlı da gedib oradan alacaq. Bununla yanaşı, ünvanlı sosial yardım, müavinət alanlara, əlilliyi olan şəxslərə, çoxuşaqlı analara, kimsəsiz və yaşlılara müəyyən bir sosial paket qəbul oluna bilər. Həmin şəxslər ay ərazində güzəştli şərtlərlə ərzaq ala bilsinlər. Ancaq qiymətlərin aşağı salınmasına fokuslansaq, bu mümkün olmayacaq. Nə zaman bizdə bir dəfə qalxan qiymət aşağı düşüb?", - deyə deputat qeyd edib.
Anar Kəlbiyev