"Ölkəmizdə dərman preparatlarının keyfiyyətsizliyi və bahalığı ciddi problemdir. Parlamentdə bununla bağlı bir neçə dəfə məsələ qaldırılıb, amma nəticə görünmür. Dəfələrlə deyilib ki, bəzi dərmanların qiyməti Avropa ilə müqayisədə 3-4, Türkiyə ilə müqayisədə isə 8-12 dəfə bahadır".
Bunu "Unikal"a açıqlamasında deputat Razi Nurullayev deyib. O bildirib ki, ya aidiyyəti qurumlar bunu qəbul etmək istəmir, ya təkzib edir, ya da suallardan yayınırlar:
"Belə çıxır ki, burada qeyri-sağlam rəqabət mühiti var, bəzi oliqarxlar bu məsələni öz xeyirlərinə özəlləşdirib və insanların cibinə girərək onların qəpik-quruşuna göz dikib. Bunun nəticəsində həssas qrupdan olan insanlar həkimin yazdığı reseptdəki dərmanları ala bilmirlər. Amma deyirlər ki, problem yoxdur. Axı, bu problem var. İnsanlar var ki, qiyməti baha olduğundan dərmanı ala bilmir və dünyasını dəyişir. Parlamentdə bir məsələ qaldırılırsa, bu, həyəcan siqnalıdır və aidiyyəti qurumlar buna ciddi reaksiya verməlidir. Qaldırılan məsələlər müzakirə olunmalı və günahkarlar cəzalandırılmalıdır".
Anar Kəlbiyev