"Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu iştirakçıların təmsilçiliyi və say tərkibi ilə müzakirəyə çıxarılan məsələlərin nə qədər önəmli və bugünümüz üçün aktual olduğunu nümayiş etdirir. Bu fikir dövlət başçısı İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında da xüsusi qeyd edildi ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Bu, həmsədrlərin, bütün İdarə Heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür".
Bu fikirləri "Unikal"a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
"Forumda, həmçinin tədbir çərçivəsində keçirilən görüşlərdə səsləndirilən çağırışlar, ünvanlanan mesajlar bu gün nəinki ölkə, bütövlükdə dünya mətbuatında geniş şərh olunmaqdadır. Yeni dünya düzəninin formalaşdığı, postpandemiya dövrünün reallıqlarının müzakirə edildiyi bir zamanda bu mövzuda keçirilən Qlobal Bakı Forumunda hədəflərə çatmaq üçün birgə səylərin göstərilməsinə, yeni yanaşmaların ortaya qoyulmasına çağırışlar edildi. Bir daha qeyd edildi ki, qarşıda ümumi çağırışlar var. Pandemiya dövründə milyonlarla insan həyatını itirdi. Bu gün isə iqlim dəyişikliyi ilə yanaşı, su qıtlığı, ərzaq təhlükəsizliyi daha qabarıq şəkildə ortaya çıxır. Hazırda dünyada nə qədər insan aclıqdan əziyyət çəkir. Bu cür çağırışların həlli yolları tapılmalıdır. Yeni ümidlər yaradılmalı və gələcəyə – sabaha baxmalıyıq. Səhv və doğru addımların nədən ibarət olduğunu bilməliyik. 61 ölkədən 360-dək nümayəndə belə bir ümidlə yola çıxaraq müzakirələr aparmaq üçün X Qlobal Bakı Forumuna toplaşdı. İştirakçıların təmsilçilik səviyyəsinə diqqət yetirsək görərik ki, Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak edirlər. Bu, bir tərəfdən Forumun əhəmiyyətinin, digər tərəfdən isə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Bu, ondan irəli gəlir ki, Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır, dünyanı narahat edən problemlərə böyük həssaslıqla yanaşır, çıxış yollarını göstərir".
Vüqar Rəhimzadə qeyd edib ki, Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə diqqət yönəldilərək bölünmüş dünyada dayanıqlılığın yaradılması, onun qlobal sülhə təsiri məsələləri geniş müzakirə edildi. Dövlət başçısı İlham Əliyev dünyanı sarsıdan münaqişələrin həlli yollarından bəhs edərək bunun iki - dinc və qeyri-dinc yolunun olduğunu diqqətə çatdırdı. Ölkə Prezidenti artıq tarixə gömülmüş Qarabağ münaqişəsinin timsalında belə münaqişələrə yanaşmanı və çağırışları ifadə etdi. Azərbaycan 30 il münaqişənin sülh yolu ilə ədalətli həllini tapacağına ümid etdi. Bu dövrdə danışıqların imitasiya naminə aparıldığı diqqətdən yayınmasa da rəsmi Bakı ədalətin sonda qalib gələcəyinə, məsələnin sülh danışıqları əsasında həll ediləcəyinə böyük ümid bəslədi. Lakin 2020-ci ildə erməni silahlı birləşmələri növbəti dəfə təxribatlar törədilməsinə cəhdlər göstərməklə Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Belə ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri əsasında əks-hücum əməliyyatına başlaması ilə nəticələndi. Azərbaycan özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək ərazilərini güc tətbiq etməklə azad etdi. Bu, bizim legitim hüququmuz idi.
YAP Xətai rayon təşkilatının sədri diqqəti qlobal çağırışlar sırasında regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi məsələsinə də yönəldib. Bildirib ki, tarixi Zəfərimizdən sonra Azərbaycan Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün sülh müqaviləsinin imzalanması təklifini irəli sürdü və eyni zamanda, bu bəyanatı səsləndirdi ki, bu sənəd uzun müddət masa üzərində qalmayacaq. Ölkəmiz işğalçı Ermənistana növbəti dəfə şans verdi. Ermənistan isə hazırda bu şansı dəyərləndirib, sülh müqaviləsinin imzalanması istiqamətində səylər göstərmək əvəzinə 30 illik işğal dövründə atdığı addımları təkrarlamağa səy göstərir. Ermənistan ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətini canlandırmağa çalışsa da Azərbaycan tərəfinin bununla bağlı sərt mövqeyi aydındır. Artıq Minsk qrupu tarixin arxivinə göndərilib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir.
Vüqar Rəhimzadə bildirib ki, Forumun mövzusundan da aydın olur ki, səsləndirilən çağırışlar sadəcə bir fikir olaraq deyil, gələcəklə bağlı ümidlərin yaranmasına, bu arzu və istəklərin reallıqda öz əksini tapmasına xidmət etməlidir. Azərbaycan daim dünyaya birlik, həmrəylik çağırışları ilə diqqətdə olub. Forum çərçivəsində pandemiya dövründə görülən tədbirlər fonunda Azərbaycanın qlobal həmrəyliyə verdiyi töhfələr bir daha diqqətə çatdırıldı. Azərbaycan təşəbbüsləri ilə birliyə, həmrəyliyə nail olmaqla bərabər, eyni zamanda, 80-dən artıq ölkəyə humanitar yardım göstərdi. “Peyvənd millətçiliyi”nə qarşı ilk etirazını bildirən və bununla bağlı BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı Azərbaycan oldu. Bu kimi biri-birindən mühüm addımlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasında öz sözünü deyir. Bu gün bir daha böyük fəxr və inam hissi ilə qeyd edirik ki, Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir.