11 mart 2023-cü il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 24.01.1994-cü il tarixində Ağdamın Güllücə kəndində şəhid olmuş Hüseynov Balakişi Rəhman oğlunun doğum günü münasibətilə Sumqayıt şəhər Şəhidlər Xiyabanında ziyarət olundu.

"Unikal" xəbər verir ki, Şəhidlər Xiyabanında Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-nin məsul işçiləri, AVMVİB-nin Qubadlı rayon şöbəsi, AYB-nin Qubadlı rayon regional bölməsinin sədri Namiq Məna, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.  Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoyublar. 

Daha sonra tədbir Abşeron rayon St.Sumqayıtda yerləşən Əbülfəz Mehdiyev adına Qubadlı rayon Uşaq Musiqi məktəbində davam etdirilib. Şəhidin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd edib ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olub. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidlərimizdən 8 nəfəri 06.01.1994-cü il tarixində Ağdamın Güllücə kəndində eyni gündə şəhid olmuşdur. Ümumilikdə 20 nəfər Qubadlı rayon sakini Ağdamın Güllücə kəndində gedən döyüşlərdə Şəhid olub. 
44 günlük Vətən müharibəsindən sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Malik İsaqovun diqqət və qayğısı sayəsində Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.

Çıxış edən Şəhidin qardaşı Hüseyn Hüseynov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

Balakişi Hüseynovun son döyüşü Ağdamın Güllücə kəndində olmuşdur. İgid döyüşçü 6 yanvar 1994-cü ildə gedən qanlı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmiş və ağır yaralanmışdı. Balakişi Hüseynov 1994-cü ilin yanvarın 24-də qospitalda vəfat etmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə o, (ölümündən sonra) “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. Qubadlı rayon Dəmirçilər kənd tam orta məktəbi Şəhidin adını daşıyır.