Novruz Bayramı günləri üçün regionlarımızda yerləşən istirahət mərkəzləri yenidən yüksək qiymətlər təklif etməyə başlayıblar.
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) qiymət monitorinqləri göstərir ki, bayram günlərində hotellərdə qiymətlər adi günlər ilə müqayisədə orta hesabla 3 dəfə baha olacaq.
"Regionlarda turizmin inkişafı vacibdir və bu valyutanın ölkədə qalması baxımından da prioritetdir. Amma turizm xidmətlərinin və eləcə də hotel qiymətlərinin əlçatan olması da olduqca əhəmiyyətlidir. Yüksək qiymətlər bayram günlərində turizmin əlçatanlığını kəskin azaldır. Turizmdə qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri 1, 2 və ya ulduzsuz hotellərin sayının az və bu sahədə rəqabətin zəif olmasıdır. Bu baxımdan, çoxulduzlu hotellərlə bərabər, 1 və 2-ulduzlu hotellərin tikilməsi oludqca vacibdir. Belə hotellərin qiyməti aşağı olur və daha çox turistlər cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5-ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər. Buna görə azulduzlu hotellərin inşaatının sürətləndirilməsi bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu sahibkarların stimullaşdırılması baxımından vacibdir. Bütövlükdə, bu sahədə qiymətlərin optimallaşdırılması üçün rəqabətin daha da gücləndirilməsi önəmlidir".
Seymur Əli