Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq hər zaman xüsusi önəm kəsb edib və bu gün də etməkdədir. Ölkəmizlə Avropa İttifaqına üzv olan doqquz ölkə arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da bunun təsdiqidir. Təbii ki, Avropa İttifaqı üçün də Azərbaycanla əməkdaşlığın genişləndirilməsi strateji əhəmiyyət kəsb edir. Mövcud geosiyasi dəyişikliklər fonunda Avropa ölkələrinin etibarlı tərəfdaş kimi Azərbaycana ehtiyacları artıb. Artıq Azərbaycan nəinki Avropa İttifaqı ölkələrinin, bütövlükdə dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayan dövlətlərdən birinə çevrilib.
Bu fikirləri "Unikal"a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
"Ötən il “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Avropa İttifaqı- Azərbaycan əlaqələrində yeni mərhələnin əsasını qoyub. Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıq hazırda uğurla davam edir. Amma təəssüf ki, eyni sözləri Avropa Parlamenti haqqında demək mümkün deyil. Artıq Azərbaycana qarşı qərəzli, ədalətsiz, düşmən mövqedə dayanması şübhə doğurmayan Avropa Parlamenti öz ampluasına “sadiq qalaraq” növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan tamamilə uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Qətnamə layihəsinin ilkin mətnində keçmiş, sərsəm və ümumiyyətlə, gündəlikdə olmayan məsələlərin qeyd edilməsi belə təsəvvür yaradır ki, Avropa Parlamenti Ermənistan parlamentinin komitəsinə çevrilib. Sanki bu qurum Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən göndərilən layihələri notarius kimi təsdiqləməklə məşğuldur".
Vüqar Rəhimzadə qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüssel formatı əsasında keçirilən görüşlər Azərbaycan tərəfindən dəstəklənir. Amma Avropa Parlamentinin mövqeyi Avropa İttifaqının bu siyasətinə uyğun deyil və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə ziddir. Ermənistan özü Praqa və Soçidə keçirilmiş görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığı halda Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamələrdə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alması regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərə böyük zərbə vurur. Bəs, Avropa Parlamenti niyə belə mövqe tutur? Məlum olduğu kimi, Azərbaycan bu gün dünyada böyük nüfuz qazanmış dövlətlərdən biridir. Son həftələrdə ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq tədbirlər də bunun təsdiqidir. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü, X Qlobal Bakı Forumu və digər beynəlxalq əhəmiyyət kəsb edən təşəbbüslərimiz ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunu, siyasi çəkisini artırıb. Bu isə erməni lobbisi və onların dəstəklədiyi qüvvələri narahat edir. Avropa Parlamenti də həmin qüvvələrin sifarişi ilə Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edir. Məqsəd ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək, Azərbaycanı gözdən salmaq və Ermənistanın xeyrinə güzəştlər əldə etməkdir. Amma onların bu cəhdlərinin heç bir nəticəsi olmayacaq. Avropa Parlamenti kimi ermənipərəst beynəlxalq təşkilatlar birdəfəlik yadda saxlamalıdırlar ki, adi kağız parçasından fərqlənməyən qətnamələrlə Azərbaycanın ədalətli mövqeyinə təsir etmək mümkün deyil.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Avropa Parlamenti korrupsiyalaşmış qurum kimi özünü nüfuzdan salıb və heç bir prosesə təsir göstərmək iqtidarında deyil. Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin milyonlarla dollarlıq korrupsiya qalmaqalı bu qurumun fəaliyyətində nə birincidir, nə də sonuncu. İrqçi, islamofob, Azərbaycanofob, türkofob mövqeyi ilə tanınan, korrupsiya girdabında çabalayan bir qurumun Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur. Erməni lobbisinin dirijor çubuğu ilə fəaliyyət göstərməsi, Kaspar Karapetyan kimi brilyant biznesindən qazandığı çirkli pullarla gözü qamaşaraq beynəlxalq hüquqa, ədalətə hörmətsizlik edən Avropa Parlamenti görünür hələ də “konyak diplomatiyası”nın təsiri altındadır. Şübhəsiz ki, bu kimi hallar Avropa Parlamenti kimi qurum üçün utancvericidir. Ermənistanın ərazi bütövlüyündən danışan Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü niyə yadına salmır? İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının mina partlayışlarının qurbanına çevrilməsi niyə onları narahat etmir? Azərbaycanı “qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağıran Avropa Parlamenti niyə Ermənistanı hələ də işğal altında saxladığı 8 Azərbaycan kəndini azad etməyə çağırmır? Üçtərəfli Bəyanatın şərtlərinə zidd olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmaması, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də açılmaması nə üçün Avropa Parlamentinin yadına düşmür? Suallar çoxdur. Avropa Parlamenti bu mövqeyi ilə separatçılığı, qanunsuzluğu, ksenofobiyanı təşviq edir. Avropa Parlamenti kimi üzdəniraq beynəlxalq qurumlar hələ də anlamayıblar ki, onların qərəzli qətnamələri ilə müstəqil siyasət həyata keçirən, daim beynəlxalq hüququn, ədalətin yanında olan Azərbaycana təzyiq etmək mümkün deyil. Prezident İlham Əliyev ötən il Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirmişdir ki, yalan, uydurulmuş faktlara, böhtan və iftiralara əsaslanan qətnamə o qədər böyük əhəmiyyət kəsb etmir: “Biz real dünyada yaşayırıq, bu, bizim seçimimiz deyil. Siz mənim mövqeyimi bilirsiniz. Mənim mövqeyim 2017-ci ildə sonuncu görüşümüzdən bəri dəyişməyib. Biz Avropa ilə yaxın münasibətlər qurmaq istəyirik və bizim bütün etdiklərimiz, o cümlədən indicə qeyd etdiyim əməkdaşlığın nəzərəçarpan əlamətləri bunu nümayiş etdirir. Lakin Avropa Parlamenti belə bir yol seçməyi düşünürsə, bu, onların seçimidir. Amma onlar parlamentin bəzi üzvlərinin cəhdlərinə baxmayaraq, Avropanı Azərbaycandan və Azərbaycanı Avropadan təcrid etməyin mümkün olmadığını bilməlidirlər”.