Dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşla dövlət qurumları arasındakı birbaşa dialoq mühitinin daha da yaxşılaşdırılması, qarşılıqlı inam hissinin gücləndirilməsi, insanların qayğı və problemlərinin yerində dinlənilməsi, operativ və səmərəli qərarların qəbulu baxımından yerlərdə səyyar qəbul-görüşlərin keçirilməsi xüsusi önəm daşıyır.
"Unikal" xəbər verir ki, vətəndaşların müraciətlərinə birbaşa və vasitəçi olmadan baxılması üçün martın 13-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Xanbulan kənd inzibati ərazi dairəsində yaşayan vətəndaşlarla növbəti səyyar qəbul - görüşünü keçirib. İcra başçısı ilə birgə səyyar görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
T.Qaraşov çıxışında bildirib ki, ölkə başçısının xüsusi tapşırıq və göstərişlərinə uyğun olaraq dövlət məmurları xalqın xidmətçisi kimi yerlərdə vətəndaşlarla birbaşa, vasitəçi olmadan görüşlər keçirirlər. İcra başçısı bütün görüşlərdə səsləndirilən məsələlərin şəxsən onun nəzarətində olduğunu qeyd edib. Onun sözlərinə görə, heç müraciət diqqətdən kənar qalmır, qaldırılan məsələlərin qanunamüvafiq həlli ilə bağlı vətəndaşa cavablar verilir. Səyyar qəbulda qaldırılan və icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllilə bağlı yerindəcə göstəriş verilib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə səlahiyyətli şəxslərə aidiyyəti qurumlara rəsmi müraciətlərin hazırlanaraq göndərilməsi tapşırılıb.
İcra başçısı kənd ərazilərində yaşayan insanların daha çox torpağın əkilib-becərilməsi ilə məşğul olmasının vacibliyi məsələsinə toxunub. Taleh Qaraşov bildirib ki, dövlət tərəfindən vətəndaşlara ayrılan pay torpaqlarından səmərəli istifadə edilməsi istər kənd təsərrüfatının inkişafı, istərsə də məşğulluğun təmin olunmasında mühüm əhəmiyyətə malikdir: “Kənd yerlərində əkinçilik və heyvandarlıqla məşğuliyyəti stimullaşdırmaq olduqca vacibdir. Dövlət bu istiqamətdə müxtəlif layihələr həyata keçirir, subsidiyalar verir, özünüməşğulluq proqramı çərçivəsində iri və xırda buynuzlu mal-qara ilə təmin edir. Əhalinin torpağı əkib-becərməsi, heyvandarlıqla məşğul olması həm onların maddi vəziyyətlərinin yaxşılaşmasına, həm məşğulluğun təmin olunmasına, həm də ərzaq təhlükəsizliyilə bağlı problemlərin yaranmasının qarşısını almağa xidmət edir”.
Sərbəst, maneəsiz fikir və istəklərini, habelə şəxsi problemlərini dilə gətirən kənd sakinlərinin hər biri qaldırdığı məsələlərin həll olunması istiqamətində yerindəcə nəticəyə yönəlik tapşırıq və göstərişlərin verilməsindən məmnunluqlarını vurğulayıblar.
Dövlətə sadiqliyi ilə nümunə təşkil edən Xanbulan inzibati ərazi dairəsinin sakinləri onlar üçün yaradılan şəraitə və sosial vəziyyətlərinin yaxşılaşmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.