“Martın 14-ü gecə saatlarında Lənkəran Dövlət Universitetinin rəsmi feysbuk səhifəsində adminstrator Ənvər Şahqubadbəylinin səhlənkarlığı səbəbindən Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsi ilə bağlı qərəzli, universitetin maraqlarını və həqiqəti əks etdirməyən, bu ali təhsil ocağının mənafeyinə uyğun olmayan yazı dərc edilib. Həmin yazıda, həmçinin universitetə ünvanlanmış, LDU-nun Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru Azər Əliyevin sərəncamında olan rəsmi məktubdan istifadə edilib”.
"Unikal" xəbər verir ki, bu barədə Lənkəran Dövlət Universitetinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, həmin paylaşım universitetin rəsmi mövqeyini əks etdirmir:
“LDU-ya ünvanlanmış rəsmi məktubun qeyri-rəsmi şəxslərin əlinə düşməsinə və həmin sənədin universitetin rəsmi feysbuk səhifəsində verilməsinə görə Lənkəran Dövlət Universitetinin Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru Azər Əliyevə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət elan edilib. Həmçinin universitetin elektron məlumat daşıyıcılarının (veb səhifələrin) adminstratoru Ənvər Şahqubadbəyli səhlənkarlıq edib səhifəyə nəzarət etmədiyi üçün səhifə adminstratorluğundan azad edilib və ona töhmət verilib. LDU-nun elektron məlumat daşıyıcılarının (veb səhifələrin) adminstratoru vəzifəsi universitetin Elektron Universitet layihəsinin rəhbəri Mayis Eyniyevə tapşırılıb”.
Qeyd edək ki, bu gün Lənkəran Dövlət Universitetinin rəsmi feybuk səhifəsində Qida Təhlükəsizliyi Agentliyinin ard-arda həmin bufetlərdə əsassız yoxlamalar aparması səbəbindən ali məktəbdəki bufetlərin bağlandığını elan edilmişdi. Daha sonra səhifəyə kiberhücum olunduğu, məlumatın universitetin mövqeyini əks etdirmədiyi və həmin insidentlə bağlı araşdırma aparıldığı qeyd olunurdu.