Almaniya ilə ölkəmiz arasında münasibətlərin tarixi kökləi vardır. İki ölkə arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın "Simens qardaşları" firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikilib.
XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi. Bundan əlavə, "Simens qardaşları" firması Daşkəsən ərazisində kobalt yataqları bazasında kobalt zavodu inşa edib. Bu zavodların inşası nəticəsində xeyli sayda insan işlə təmin edilib, əhalinin maddi rifahı yüksəlib. Alman sənayeçilərinin bu ərazidə fəallığının artması nəticəsində ətraf ərazilərdə, xüsusilə Azərbaycanın indiki Göy-göl və Şəmkir rayonlarında alman koloniyaları yaranıb. Müasir dövrdə də Almaniya ilə Azərbaycan həm siyasi-diplomatik, həm də iqtisadi baxımdan iki tərəfdaş ölkədir. Bu münasibətlərin qurulmasında, indiki arzuolunan səviyyəyə qalxmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Belə ki, Ulu Öndərin 1996-cı ildə Almaniyaya rəsmi səfəri zamanı ölkələr arasındakı əməkdaşlıq geniş şəkildə müzakirə mövzusu olmuş, bundan sonra müdafiə, siyasi, terrorizmə qarşı mübarizə və digər sahələrdə uğurlu əməkdaşlığın əsası qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin 1-4 iyul 1996-cı il tarixli Almaniya səfəri Azərbaycanla Almaniya arasında iqtisadi münasibətlərin inkişafında mühüm rol oynayıb. Prezident Heydər Əliyev Almaniyanın iri iqtisadi mərkəzi olan Köln şəhərində AFR-in işgüzar dairələrinin nümayəndələri, iri şirkət rəhbərləri, maliyyə-bank sektorunda çalışan iş adamları ilə görüşüb. O, Azərbaycan iqtisadiyyatının potensial imkanları və beynəlxalq biznes üçün yaradılan şəraitdən bəhs edərək alman iş adamlarını Azərbaycana sərmayə qoymağa çağırıb.
Bu səfər Azərbaycana xarici investisiya qoyuluşlarının və beynəlxalq kreditlərin cəlb edilməsində mühüm rol oynayıb. Bütün sahələrdə olduğu kimi inkişaf etmiş ölkələrlə iqtisadi və siyasi əlaqələrin davamlı inkişaf etdirilməsi cənab Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasının strateji prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, Kansler Olaf Şoltsla və Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşləri olduqca səmərəli keçdi. Diqqətçəkən məqamlardan biri də Almaniya Kansleri Olaf Şoltsun mətbuata bəyanatındakı fikirləri idi. Cənab Şoltsun qeyd etdiyi kimi, Azərbaycan Almaniya, eləcə də Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Bununla yanaşı, kansler həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün Azərbaycanın böyük potensialı olduğunu, eyni zamanda bərpa olunan enerji üzrə əməkdaşlığın aktuallığını vurğuladı. Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı-Azərbaycan əlaqələrindən danışaraq bildirdi ki, bu qurumla imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun sürətlə icra olunması ölkəmizin niyyətinin göstəricisidir. Ölkəmizdə bərpa olunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində gözəl imkanlar var və bunun fonunda gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, həmçinin, "yaşıl enerji" ixrac edən ölkəyə də çevriləcək. Prezident bir daha bəyan etdi ki, Azərbaycan Avropa məkanına qaz ixracatını artırmaq haqqında düşünür.
2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etdiyimiz halda, bu rəqəm təqribən 12 milyard kubmetrə çatacaq. Azərbaycan lideri gələcək illərdə də ixrac coğrafiyamızı Avropada genişləndirmək niyyətində olduğunu bildirdi. Dövlətimizin başçısı regional təhlükəsizlik məsələlərinə də toxunaraq qeyd etdi ki, Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Cənab Prezident ümidvar olduğunu söyləyərək qeyd etdi ki, Ermənistan bu şansı qaçırmayacaq və bununla da, Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaq.
Milli Məcisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov