Bazar günü saat 19:00-da Türkmənistanda VII çağırış Milli Məclisin (parlament) deputatlarının, habelə vilayət, rayon, şəhər xalq şuraları və yerli özünüidarəetmə orqanlarının üzvlərinin seçkiləri üzrə səsvermə başa çatıb.

"Unikal" xəbər verir ki, ümumilikdə, respublikada 2602 seçki məntəqəsi yerli vaxtla səhər saat 07:00-dan 19:00-a qədər açıq olub. Rəsmi məlumatlara görə, əhalisi 6,2 milyon nəfər olan Türkmənistanda 3 milyon 496 min 475 seçici qeydə alınıb.

Parlament seçkilərində ölkənin hər üç siyasi partiyası iştirak edib: Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar Partiyası, həmçinin vətəndaşların təşəbbüs qrupları. Ümumilikdə ölkə vətəndaşları Məclisə 125 deputat seçiblər. Qeydə alınmış namizədlərin sayı 258 nəfər olub.