Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən son iki həftə ərzində keçirdiyi əməliyyat-axtarış tədbirlər ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Bəkirov saxlanılaraq şöbəyə gətirilib və onun üzərinə baxış keçirilib. Baxış zamanı satış məqsədi ilə 86 bükümdə qablaşdırılmış külli miqdarda heroin və metamfetamin, eləcə də metadon həbləri aşkar edilərək götürülüb.
Bundan başqa, son tədbirlər zamanı isə daha 11 nəfər də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılıblar. Həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. Bu əməliyyatlar zamanı isə ümumilikdə 1 kiloqrama yaxın narkotikin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.
Qeyd olunan faktlarla bağlı Yevlax RPŞ-də cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.