27 və 30 yanvar 2023-cü il tarixlərində Azərbacan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsində Norveç Krallığının DNV AS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən İSO 9001:2015 – Keyfiyyət idarəetmə sistemi standartı üzrə yenidən sertifikatlaşdırma auditi keçirilib.
"Unikal" xəbər verir ki, auditi uğurla tamamlayan Azərbaycan Turizm və Menecment Universiteti “Turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması” sahəsində İSO 9001:2015-Keyfiyyət idarəetmə sistemi üzrə sertifikatını yeniləyib.
Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsi 20 noyabr 2019-cu il tarixində İSO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi sertifikatına layiq görülüb. Həmin ildən etibarən, vaxtaşırı audit keçirilən ATMU, cari ildə sertifikatı yeniləyərək vaxtının növbəti üç il müddətinə uzadılmasına nail olub.
ATMU-nun adıçəkilən sertifikata layiq görülməsi universitetdə kadr hazırlığında keyfiyyətinin beynəlxalq standartlara cavab verdiyinin və buna uyğun təhsil siyasəti həyata keçirdiyinin göstəricisidir.
Qeyd edək ki, cari ilin may-iyun aylarında isə universitetin Turizm və qonaqpərvərlik və Sosial menecment fakültələrində İSO 21001:2018 – Təhsilin idarəedilməsi standartı üzrə auditin keçirilməsi nəzərdə tutulub.