Martın 29-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi Şuranın növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, Elmi Şuranın sədri, universitetin rektoru professor Gülçöhrə Məmmədova Şura üzvlərini salamlayaraq iclasın gündəliyində duran məsələlərlə onları tanış edib.  
Gündəliyə uyğun olaraq iclasda “Payız sessiyasının yekunları və yaz sessiyasına hazırlıq barədə”, “Tədris, istehsalat, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrin gedişi və istehsalat müəssisələri ilə cari əlaqələr, perspektiv planlar barədə” hesabatlar dinlənilib.  

Tədris işləri üzrə prorektor professor Akif Qasımov gündəlikdəki ilk məsələ ilə bağlı çıxış edib. Prorektor payız sessiyasının yekunları və yaz sessiyasına hazırlıq məsələləri, imtahan sessiyasının təşkili, imtahanların obyektiv və şəffaf keçirilməsi üçün görülən işlər barədə məlumat verib.

Təcrübə və Karyera Mərkəzinin rəhbəri Xanlar Qəniyev “Tədris, istehsalat, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrin gedişi və istehsalat müəssisələri ilə cari əlaqələr, perspektiv planlar barədə” hesabatında universitetin bu istiqamətdəki fəaliyyəti ilə bağlı məlumat verib. 

Hesabatlardan sonra məruzəçilərin də iştirakı ilə geniş müzakirələr təşkil olunub. Müzakirələr zamanı səsləndirilən təklif və iradlarla bağlı rektor müvafiq tapşırıq və tövsiyələrini verib. Hər iki hesabat Elmi Şura tərəfindən qəbul edilib.

Şura iclasında digər cari məsələlərə də baxılıb və müzakirəyə çıxarılan məsələlər ətrafında Şura üzvləri çıxış ediblər, təklif və rəylər dinlənilməklə müvafiq qərarlar qəbul edilib.