"Bu yaxınlarda partiya sədri Əli Kərimlinin üzvləri qarşısında çıxışı bir vətəndaş kimi məni çox narahat edib. O, ağına-bozuna baxmadan müxalifətin, iqtidarın əleyhinə əsassız fikirlər səsləndirib. Daha da qabağa gedərək 30 illik işğala son qoyan, bu gün də Qarabağda separatizmin kökünü kəsmək üçün ağır şərtlər altında siyasət quran Prezident İlham Əliyevi və hamımızı az qala xəyanətdə ittiham edir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.
"Zaman-zaman bu hakimiyyətin daxili və bir sıra sosial siyasətini tənqid etsəm də, İlham Əliyevin Qarabağ siyasətini tənqid etmək vicdansızlıq olar, adamın ağzı əyilər, Allah belə bu cür ədalətsiliyi götürməz. Azərbaycan Ordusu niyə Xankəndinə girmədi və niyə Rusiya ilə müharibəyə başlamadıq? Bu adam ya xalqı avam sayır, ya da qisas hissi o qədər gözünü tutub ki, nəticəsini hesablamadan xalqın hissi ilə oynayıb narazılıq dalğası yaratmaq istəyir. Deyir ki, biz dedik ki, Xankəndinə girmək lazımdır, amma sözümüzü dinləmədilər. Sən hansı qüvvənin, çəkinin və gizli məlumatın sahibisən ki, dediyin doğru olsun və sonra da yükün çəkə biləsən? Sən heç Elçibəydən qalan bir partiyanın bütövlüyün qoruya bilmədin, on yerə parçalandı, indi Azərbaycanı da beləcə parçalamaq niyyətiniz var", - deyə R.Nurullayev bildirib.
Onun sözlərinə görə, bu təklifin mənası odur ki, Azərbaycan Rusiya ilə münaqişəyə girsin, münasibətlər pozulsun, Rusiya və İran Azərbaycana hücum etsin, Qərb isə sanksiyalar tətbiq etsin:
"Qarabağ təzədən əlimizdən çıxsın və sən də o qüvvələrdən biri ilə oynayıb hakimiyyətə gəlmək səyi göstərəsən. Bu cür düşüncə Azərbaycan xalqına xəyanətdir, şəhidlərimizin ruhunu təhqir etməkdir. Sən bu təkliflə Azərbaycanı 2008-ci ildə Gürcüstanın etdiyi səhvi təkrarlamağa sövq edirdin. Elə deyirlər ki, Türkiyə kömək edəcəkdi. Bu əminlik, bu tələb haradan qaynaqlanır? Türk əsgəri gəlib burada döyüşəcəkdi, amma xeyli vəzifəli və varlı şəxslərin, iddialı siyasətçilərin, elə o cümlədən sənin oğlun və sən kənardan baxıb irəli, irəli, qorxmayın deyəcəkdin? Sizlər hakimiyyətdə olanda Türkiyədən kömək istəmədiniz ki, Kəlbəcərdən dinc sakinləri çıxarasınız? Niyə gəlmədi o helikopter? Nə dəyişib o gündən bu günə? Dəyişən budur ki, Prezident İlham Əliyevlə Türkiyə Prezidenti real olaraq dost və qardaş olub, ölkələrin maraqlarını uzlaşdıra biliblər. Əgər belə deyilsə, o zaman niyə həyacan təbili çalırsınız ki, Türkiyədə hakimiyyət dəyişikliyi olsa, ola bilsin ki, dəstəyimizi itirək. Hərçənd ki, mən buna inanmıram. Təklif edirsiniz ki, nə qədər cənab Ərdoğan hakimiyyətdədir, Türkiyə qoşunları Azərbaycana yerləşdirilsin. Bəs hanı məntiqiniz? Mən nə bu iqtidarın, nə də Prezident İlham Əliyevin vəkili deyiləm, Milli Cəbhə Partiyasının gündəmi fərqlidir və həmişə də belə olacaq. Amma haqqı demək dindəndir, imandandır. Xankəndiyə niyə girmədik deyənlərin əksəriyyətinin övladları və özləri Qarabağda döyüşdə olmayıb, olmaq fikirləri də yoxdur. O cümlədən, Əli Kərimlinin. Bu sözü o adam ürəklə və haqqla deyərdi ki, öz övladı da o döyüşçülərin içində olsun. Yoxsa, hər kəs başqasının, əsasən də kasıbın balasının şəhidliyi hesabına ad qazanmaq, təklif vermək və irəli, irəli, dayanma, geri çəkilmə komandası vermək istəyir".
Anar Kəlbiyev