Göyçayda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, “Heydər Əliyev və təhlükəsizlik orqanları” adlı tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
N.Ağayev Heydər Əliyevin təhlükəsizlik orqanlarından başlayan ömrünün tarix olduğunu vurğulayıb: "Dahi şəxsiyyət Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycanın çiçəklənməsi və qüdrətlənməsi yolunda işlər görüb. Respublikamızın təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı qorunması, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması naminə fədakarlıq göstərib. Hazırda Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı tərəqqi edir".
Tədbirin digər çıxışçıları H.Əliyevin təhlükəsizlik orqanlarının tarixində ilk azərbaycanlı general olaraq təsisatın inkişafına misilsiz töhfələr verdiyini, milli kadrlarla komplektləşdirdiyini, Azərbaycana rəhbərlik etdiyi vaxtlarda da təhlükəsizlik qurumunun fəaliyyətini daim diqqət mərkəzində saxladığını vurğulayıb. Bu gün Azərbaycan xüsusi xidmət orqanlarının öz işini məhz Heydər Əliyevin vaxtilə təhlükəsizlik təşkilatında təməlini qoyduğu prinsiplər əsasında qurduğunu nəzərə çatdırıblar.
Sonda tədbir iştirakçıları Ulu Öndərin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi altında keçirilmiş “Port-Pəhləvi” əməliyyatından bəhs edən sənədli filmə tamaşa ediblər.