Bu gündən dövlət qurumlarında boş olan rəhbər vəzifələr müsahibəyə çıxarılıb.
Dövlət İmtahan Mərkəzindən "Unikal"a verilən məlumata görə, Hesablama Palatası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Qida Təhlükəsizliyi Agentliyində inzibati vəzifələrin 1-4-cü təsnifatına uyğun olan dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) aid 7 inzibati vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 1-ci təsnifatına uyğun olan Hesablama Palatası Aparatının rəhbəri vəzifəsidir.
Ümumilikdə isə Hesablama Palatasında 2, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2 və Qida Təhlükəsizliyi Agentliyində 1 vakant inzibati vəzifə daxili müsahibə elanına çıxarılmışdır.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə vəzifələrin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 6 apreldən 20 aprel saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.