Suriyaya döyüşməyə gedən şəxs Azərbaycana qayıtdıqdan sonra həbs edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, Bakıda zərgər kimi fəaliyyət göstərən Akif Süleymanov (soyad şərtidir) 2013-cü ildə iş yoldaşı Elşad və onun tanışı olan Cavidlə birlikdə Gəncə Hava Limanından Türkiyəyə uçublar. 2 ay Türkiyədə qaldıqdan sonra 2013-cü ilin iyul ayından qanunsuz yollarla Suriyaya keçiblər. Suriyaya keçdikdən sonra isə "Əbu Yəhya" dini ləqəbli Nicat Aşurov adlı azərbaycanlının rəhbərlik etdiyi "Azəri camaatı" qruplaşmasına daxil olub.

Akifə "Əbu Ömər" dini ləqəbi verilib. O məhkəmədə verdiyi ifadəsində bildirib ki, döyüşlər zamanı mina partlayışı nəticəsində ayağından qəlpə yarası alıb. Bir müddət müalicə olunub və səhhəti normallaşdıqdan sonra 2014-cü ilin yanvar ayında ailəsi ilə birlikdə Suriyadan Türkiyəyə keçib. 2016-cı ilin noyabr ayında Türkiyədə polis tərəfindən həbs edilib. İŞİD terror qruplaşmasına qoşulduğuna görə 8 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabr ayının terror qruplaşmasına qoşulmasına dair heç bir sübut olmadığına görə bəraət alıb.

2022-ci ilin aprel ayında Azərbaycana deport edilib. Onu hava limanında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları qarşılayıb, sorğu-sual ediblər. 2022-ci ilin may ayının 11-də yenidən sorğuya çağırılıb və elə həmin gün həbs edilib. 

Təqsirləndirilən şəxs ifadəsinin davamında qeyd edib ki, Suriyaya getdiyinə görə çox peşmandır:

"Ora qazanc məqsədi ilə getməmişəm. "Əbu Yəhya" mənə cəmi 1-2 dəfə 50 dollar pul verib. Ailəmin Suriyada qalması üçün xərcləri özüm çəkmişəm. Birlikdə işlədiyim uşaqların tələsinə düşdüm. Suriyaya getməkdə məqsədimin nə olduğunu özüm də başa düşməmişəm".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 12.1-ci və 279.1-ci maddələri ilə təqsirləndirilən Akif 4 il müddətinə azadlıqdan məhrum edilib.

Murad İbrahimli