Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən obyektlər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən "Unikal"a verilən məlumata görə, keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Garden Hall”, “Nardança”, “Xan Bağı”, “Muğam Ocağı”, "Bulaq", “Həkəri” Sumqayıt şəhərində fəaliyyət göstərən “Love Palace”, “Ad günü”, “Mübariz”, “Romance”, “Buxara”, “Fayton”, “Pine Park”, Gəncə şəhərində fəaliyyət göstərən “Kübar”, “Dan ulduzu”, “Sübhan” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.
Monitorinq və nəzarət tədbirləri davam etdirilir.