“Yay aylarında qazdan istifadə və avadanlıqların dəyişdirilməsi prosesində daha diqqətli olmaq lazımdır”.
"Unikal" bu barədə SOCAR “Azəriqaz” İstehsalat Birliyinin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Onun sözlərinə görə qazla əlaqədar mühüm təhlükələrin əksəriyyəti yay aylarında baş verir: “Qış aylarında quraşdırılmış qaz sobalarının yayda otaqdan çıxarılması bir sıra təhlükələrə səbəb olur. Qaz borusunun üzərində olan bağlayıcı qurğunun qarşısı mütləq qaydada dəmir qapayıcı ilə bağlanmalıdır. Bunu abonentin etməsi yolverilməzdir və qaz cihazının sökülməsi mütəxəssislərə tapşırmalıdır. Əksər hallarda vətəndaşlar bu kimi işləri özləri yerinə yetirir və məsuliyyətsizlik nəticəsində partlayış hadisələri baş verir. Bildirmək istəyirəm ki, bu kimi hallar ölümlə nəticələnə bilir. Ona görə də maksimum dərəcədə məsuliyyətli olmaq lazımdır”.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarına müəyyən qurğuların yerləşdirildiyini qeyd edib. Şöbə rəisinin sözlərinə görə, MTK-larda artıq 40 min bu tip sayğaclar tətbiq edilib. “Sözügedən sayğaclara Birliyin mərkəzi aparatından çox real və rahat şəkildə nəzarət edilir. Bu proses bütün ölkə ərazisində tətbiq ediləcək və müəyyan zamanla fərdi yaşayış evlərinə də inteqrasiya ediləcək. O avadanlıq vasitəsi ilə abonentlərin qaz təchizatından rahat istifadəsi tamamilə təmin olunacaq”, - deyə qurum rəsmisi qeyd edib.
Daha sonra görüş Media nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.