Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Ərəbqardaşbəyli və Bala Surra kəndlərinin sakinləri ilə səyyar görüş keçirib.
"Unikal" xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Cəngan kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Ərəbqardaşbəyli və Bala Surra kəndləri haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxışçılar “Ulu Öndər Heydər Əliyev ölkəmizdə həyata keçirilən mütərəqqi hüquqi islahatların banisidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi olmaqla yanaşı, ölkəmizdə hüquqi dövlət quruculuğunun və mütərəqqi hüquqi islahatların əsasını qoymuş böyük siyasi xadimdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev, ölkəmizdə sabitliyin və hüquqi normaların bərqərar olunması üçün mühüm addımlar adıb, hüquq sisteminin əsaslarını formalaşdırıb. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası hüquqi islahatların təməl daşı olub. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən qanunvericilik islahatları insan hüquq və azadlıqlarının təmin olunmasına, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına geniş imkanlar yaratması haqqında iştirakçılara geniş məlumat veriblər.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin qurucusu həmçinin, ölkəmizdə hüquqi dövlət quruculuğunun və mütərəqqi hüquqi islahatların əsasını qoyan dahi siyasi xadimdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt nəticəsində ölkədə hüquqi sistemin təməl prinsipləri formalaşdırılıb, hüquq islahatları dərinləşdirilərək dövlətin bütün sahələrində qanunçuluğun bərqərar olunmasına nail olunub. Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq qəbul edilən Azərbaycan Respublikasının ilk milli Konstitusiyası — 1995-ci il Konstitusiyası hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması baxımından tarixi əhəmiyyət kəsb edib. Bu sənəd ölkədə insan hüquq və azadlıqlarının qorunmasının, hakimiyyət bölgüsünün və hüquq sisteminin müstəqil fəaliyyətinin əsaslarını müəyyən edib.
Ulu Öndərin təşəbbüsü ilə həyata keçirilən hüquqi islahatlar yalnız normativ sənədlərlə məhdudlaşmayıb, eyni zamanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, vətəndaşların məhkəməyə çıxış imkanlarının artırılması və ədalət mühakiməsinin effektivliyinin təmin olunması istiqamətində də əhəmiyyətli addımlar atılıb. Hüquq-mühafizə orqanlarının fəaliyyətində şəffaflıq və məsuliyyət prinsipləri gücləndirilmiş, məhkəmə sisteminin müstəqilliyi təmin edilib. Bundan əlavə, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq hüquqi sistemə inteqrasiyası da sürətləndirilib, ölkəmiz bir sıra mühüm beynəlxalq konvensiyalara qoşulub, insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq standartların tətbiqinə başlanıb. Hüquqi islahatlar çərçivəsində qadın hüquqlarının qorunması, azad söz və mətbuat azadlığı, mülkiyyət toxunulmazlığı kimi fundamental prinsiplər hüquqi müstəviyə keçirilib.
Bu gün müstəqil Azərbaycanda həyata keçirilən hərtərəfli hüquqi islahatların təməlində məhz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ideya-siyasi xətt dayanır. Onun hüquqi dövlət quruculuğu sahəsində qoyduğu möhkəm təməllər hazırda da uğurla davam etdirilir və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilir. Bu davamlılıq ölkəmizdə qanunun aliliyini təmin edən müasir, şəffaf və ədalətli hüquqi sistemin qurulmasına xidmət edir.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar, torpaq aktında olan hərf səhvinin aradan qaldırılması, ev tikintisinə köməklik göstərilməsivə digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.