Xəbər verdiyimiz kimi, Ermənistan, Amerika Birləşmiş Ştatları (ABŞ) və Azərbaycan arasında imzalanmış sənədlərin həyata keçirilməsi üçün yaxın vaxtlarda iş proseslərinə başlanılacaq və müvafiq işçi qrupları yaradılacaq. Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan məlumat verib. Erməni nazir həmçinin qeyd edib ki, işçi qrupların formalaşdırılması çox vaxt aparmayacaq.

Bəs görəsən, sözügedən işçi qrupların gündəliyi hansı məsələlərdən ibarət olacaq?

Mövzu ilə bağlı “Unikal”a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirib ki, işçi qrupun üzvlərini Prezident İlham Əliyev müəyyən edəcək:

“Burada Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi üçün bütün məsələlər aydınlaşacaq. İlk növbədə, həmin ərazinin coğrafi şəraiti nəzərə alınacaq. Həmçinin, dəmir yolu və avtomobil yolunun açılması üçün layihənin hazırlanması, eyni zamanda həmin yollar üçün nə qədər vəsait lazım olduğu müəyyənləşdiriləcək. Nəzərdə tutulan vəsaitin mənbəyi ilə bağlı məsələlər də dəqiqləşdirilməlidir.

"Ermənistan gələcəyini görmək istəyirsə, həmin bəndi Konstitusiyasından çıxarmalıdır"

Digər tərəfdən, həmin yol ABŞ-nin hansısa bir şirkətinin idarəetməsinə veriləcək. Şirkət isə həmin yolun fəaliyyət göstərməsi və təhlükəsizliyi məsələlərində məsuliyyət daşıyacaq. Əlbəttə, bu məsələlər həmin işçi qrup tərəfindən tənzimlənəcək”, - deyə o qeyd edib.

A.Mirzəzadə vurğulayıb ki, Azərbaycanın çoxdan təklif etdiyi model mütləq son variantda nəzərə alınacaq:

“Bu model isə ondan ibarətdir ki, Azərbaycanın Zəngəzura bitişik ərazisində sərhəd-gömrük məntəqəsi yaradılacaq. Yoxlamalar isə Azərbaycanın gömrük və sərhədçiləri tərəfindən həyata keçiriləcək. Dəhlizdən istifadə edən insanlar və daşınan yüklər Ermənistan ərazisinə cəmi bir neçə kilometr keçməklə Naxçıvana çatdırılacaq. Azərbaycandan hər hansı gömrük rüsumu alınmayacaq. Çünki, Azərbaycan öz ərazisinin bir hissəsindən digər hissəsinə keçir. Bu məsələlər də işçi qrup tərəfindən müəyyənləşdiriləcək.

Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına dair mövcud bəndlər götürüldükdən sonra, artıq ikitərəfli münasibətlərin yaxşılaşması ilə bağlı yalnız Azərbaycan-Ermənistan işçi qrupu fəaliyyət göstərəcək. Əlbəttə ki, bu istiqamətdə həm beynəlxalq hüquq, həm də digər dövlətlərdə mövcud olan oturuşmuş təcrübələr nəzərə alınacaq”.

Murad İbrahimli