Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfrans keçirilib.
"Unikal" xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider H.Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev medianın işini, jurnalist əməyini daim yüksək qiymətləndirib, jurnalist peşəsinə hər zaman dərin hörmət bəsləyib, mətbuat işçiləri ilə yaxın təmasda olub, onların problemləri ilə maraqlanıb və heç vaxt köməyini əsirgəməyib.
O vurğulayıb ki, Ümummilli Liderin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyev medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib, bu böyük etimad media nümayəndələrinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətini artırıb.
Konfransda çıxış edən YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə milli etimad əsasında - xalqın iradəsi ilə hakimiyyətə gəlməsindən sonra bütün istiqamətlərdə olduğu kimi, media sahəsində də islahat xarakterli məqsədyönlü tədbirlər həyata keçirilmiş, bu istiqamətdə əsaslı - müsbət dəyişikliklər baş verib. Xüsusilə vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər yürüşünə çıxan igid əsgər və zabitlərimizin unudulmaz qəhrəmanlıqları ilə yanaşı, arxa cəbhədə - ideoloji və təbliğat müstəvisində mübarizə aparan dəyərli qələm sahibləri - vətənpərvər və peşəkar jurnalistlərimiz Azərbaycanın mənafelərini qətiyyətlə qoruyub, həqiqi reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaqla erməni yalanlarını ifşa ediblər.
Sonra “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan mediası” adlı videoçarx nümayiş olunub.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Ulu Öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük tarixi xidmətlərindən biri 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğv edilməsi olub. O əlavə edib ki, Ulu Öndərimiz cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynayıb, bütün ölkə jurnalistləri Heydər Əliyevi təkcə ölkə başçısı kimi deyil, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edib.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov vurğulayıb ki, Ümummilli Lider tərəfindən mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsi, söz və fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaradıb.