Xəbər verdiyimiz kimi, mayın 19-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək. Görüşdə Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən politoloq Qabil Hüseynli sabah XİN rəhbərləri arasında keçiriləcək görüşün mümkün nəticələrindən danışıb:
“Rusiya illərdir regionda “parçala, hökm sür” siyasətini həyata keçirir. Hər zaman öz strateji maraqlarının arxasınca gedib. İkinci Qarabağ müharibəsindən sonra da onlar belə etdilər. Qarabağa öz sülhməramlı kontingentini yerləşdirməklə əslində sülh prosesinin qarşısına böyük bir daş qoymuş oldular. Ruslar hazırda bölgədə qızışdırıcı rol oynayırlar. Onların Moskvadakı rəislərinin də sülh yaradacağına inanmaqda çətinlik çəkirəm. Rusiyanın sülh yaratması arabanın 5-ci təkəri kimi bir şeydir. İmkan verməlidirlər ki, iki xalq arasında anlaşma baş tutsun, amma onlar Qarabağın dağlıq hissəsində yaşayan erməniləri bizim əleyhimizə qızışdırırlar və onlara silah-sursat verirlər. Bir sözlə, Rusiyanın bu regiondakı işğalçı və imperialist siyasəti göz önündədir. Ona görə də bundan sonra da Rusiyaya güvən olacağına ümidim yoxdur. Azərbaycan bölgədə Rusiyanın təsirinin azalması uğrunda mübarizə aparmalıdır", - deyə o qeyd edib.
Q. Hüseynli bildirib ki, son günlər sərhəddə qeydə alınan toqquşmaların hansısa formada Rusiyanın təsiri ilə baş verib:
"Misal üçün, Zod qızıl mədənlərinin istismarçısı Rusiya şirkətidir. Rusiya hər il oradan böyük məbləğdə gəlir götürür. Buna görə də, hərbi toqquşmaların Zod istiqamətində olmasının Rusiyanın təsiri ilə baş verdiyini ehtimal etmək olar.
Əlbəttə ki, ermənilər də sudan çıxmış ağ mələk deyillər. Erməni xalqı hər zaman onun-bunun, əsas da Rusiyanın əlində alət olub və bu gün də alət olmağa davam edir. Onların qanında türklərə qarşı böyük nifrət var. Buna baxmayaraq, sülh müqaviləsini imzalamağa məcburdurlar, çünki başlarının üzərində “Dəmir Yumruq” var.
Mənim zənnimcə, sülh prosesinin Brüssel variantı daha uğurludur. Orada bir-birinə əks olan mövqelərin yaxınlaşdırılması istiqamətində ciddi səylər göstərilir".
Murad İbrahimli