Azərbayan iqtisadiyyatının qurulması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər həm sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik edib. Heydər Əliyev hər iki dönəmdə də hakimiyyətə gəldiyi dönəmdə ölkə iqtisadiyyatı tənəzzüldə olub.
Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə təyin olunanda ölkə ittifaq respublikaları arasında çox geridə qalmışdı.
Həmin dönəmdə Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə respublikada yaranmış sosial və iqtisadi durum hərtərəfli təhlil olundu, problemlər müəyyənləşdirildi və onun həlli üçün proqram hazırlandı. 1974-cü ilin dekabr ayında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu çağırıldı. Plenum məhsulun keyfiyyətini müzakirə edərək bu sahədə ictimai təşkilatların, müxtəlif müəssisələrin fəaliyyət proqramlarını müəyyən etdi.
Heydər Əliyev 1976-cı ildə Azərbaycan iqtisadiyyatında yaranmış problemlər və onların həlli yolları ilə əlaqədar Sovet İttifaqı Kommunist Partiyası (KP) Mərkəzi Komitəyə (MK) təkliflərlə müraciət etdi. "1976-1980-cı illərdə və sonrakı dövrdə Azərbaycanda sənayenin ayrı-ayrı sahələrinin inkişafı haqqında Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi baradə" Sovet İttifaqı KP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarının yerinə yetirilməsi tədbirləri müzakirə olunan 1976-cı il oktyabr plenumunda məhsulun keyfiyyətinin yüksəlməsi məsələsini qarşıya qoydu. Heydər Əliyev bütün elmi ictimaiyyətin, müəssisələrin, partiya və sovet orqanlarının diqqətini keyfiyyətin və səmərəliliyin yüksəlməsi probleminin həllinə cəlb etmiş, yeni texnikanın, texnologiyaların, Azərbaycan Elmlər Akademiyasında aparılan elmi-tədqiqat işlərinin mühüm nəticələrinin istehsalata tətbiqini vacib vəzifə kimi qarşıya qoymuşdu.
Məhz ümummilli liderin atdığı addımlar, qeyd etdiyimiz fəaliyyəti nəticəsində Azərbaycan nəinki tənəzzüldən çıxa bildi, həmçinin ittifaq respublikaları arasında önə çıxdı.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün 1970-1980-cı illəri əhatə edən on ili ərzində ölkəmizin kənd təsərrüfatına ondan əvvəlki yarım əsr ərzində, yəni 1920-1970 illərdə cəlb edildiyindən daha çox sərmayə qoyulub. Bu isə hazırda da sürətlə inkişaf edən kənd təsərrüfatında dinamik inkişafın əsasını qoyub, hələ o zaman Azərbaycanı digər müttəfiq respublikalardan önə keçirib.
1970-1982-ci illərdə ölkə iqtisadiyyatında 581 adda yeni tipli maşın, avadanlıq, cihaz və aparat nümunələri yaradıldı, 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlandı, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, sex və istehsal sahəsi yaradıldı. Bunun da çox böyük bir hissəsi Abşerondan kənar iqtisadi rayonların, xüsusən də Gəncə, Naxçıvan, Mingəçevir, Xankəndi, Əli Bayramlı (indiki Şirvan) və digər şəhərlərin payına düşürdü.
1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin qarşısında ağır bir vəzifə dayanırdı. Ölkə iqtisadiyyatı dağılmış, istehsalat dayanmış, işsizlik yüksək həddə çatmışdı, eyni zamanda sürətli inflyasiya gedir, ərzaq çatışmazlığı yaşanırdı. Həmçinin ölkədə hərc-mərclik hökm sürürdü. Ən acınacaqlısı isə torpaqlarımızın işğal edilməsi və bir milyon qaçqının öz yurdundan didərgin düşməsi idi. Ümummilli lider Azərbaycan iqtisadiyyatını böhrandan çıxarmaqdan öncə sabitliyi, təhlüksizliyi təmin etməli, vətəndaş müharibəsinin, erməni işğalının qarşısını almalı idi və ordu quruculuğuna başlamalı idi. Ulu öndərin zəngin təcrübəsi və qətiyyəti sayəsində Azərbaycan bu bəlalardan qurtulmağa başladı.
Ulu Öndər ölkəni dirçəltmək üçün neft amilindən məharətlə istifadə etdi. Beynəlxalq neft şirkətlərini Azərbaycana sərmayə qoymağa inandıra bildi. 1994-cü ilin sentyabrında Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu tarixi sənədin imzalanması ilə Azərbaycanın “yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlandı. Müqavilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.
Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan “Əsrin müqaviləsi” üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib məsələ idi. 1995-ci ildən başlayaraq ölkə iqtisadiyyatında sabitlik yarandıqdan sonra ölkəmizə xarici investisiya qoyuluşu sürətlə artaraq 10 milyard dollara çatdı. Bunun da 60 faizdən çoxu (6,1 milyard dolları) xarici kapitalın payına düşür. 1996-2001-ci illərdə ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin sayı 717-dən 1974-ə, müəssisələrdə çalışanların sayı isə təxminən 15 min nəfərdən 25 min nəfərə çatdı. Göstərilən müddətdə, eyni zamanda, xarici investisiyalı müəssisələrin ödədiyi vergilərin payı, cəmi vergi daxilolmalarında 9,3 faizdən 19,7 faizə yüksəldi. Ümumilikdə isə, 1996-2001-ci illərdə həmin müəssisələr vergi və sosial ayırma şəklində büdcəyə təqribən 600 milyon dollar, sosial fondlara isə 400 milyon dollara yaxın vəsait ödənildi.
İqtisadiyyat getdikcə şaxələndirildi, dövlət mülkiyyəti özəlləşdirildi, sahibkarlara dəstək verildi, torpaq, vergi, maliyyə və iqtisadiyyatın bütün sahələrində islahatlar aparıldı.
Məhz bu strategiyanın nəticəsi idi ki, ölkə daim inkişafda oldu. 2003-cü ildə hakimiyyətə gələn Prezident İham Əliyev Ulu Öndərin qoyduğu strategiyaya sadiq qaldı və ölkəni daha da inkişaf etdirdi. Ata vəsiyyətini yerinə yetirən Prezident Qarabağın işğaldan azad edilməsi ilə itirilmiş əraziləri geri qaytaran dövlət başçısı kimi tarixə düşdü. Bu gün Qarabağda sürətlə quruculuq işləri aparılır. Bir çox iqtisadçılar hesab edirlər ki, Qarabağ bölgəsi dünyada cəlbedici iqtisadi mərkəzə çevriləcək. Bununla da Azərbaycan iqtisadiyyatı daha yüksək səviyyəyə qaldırılacaq.
Hüseyn İsgəndərov
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən elan edilən “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir