"Leninin 11-ci qızıl ordunun başçısı Levandovskiyə sərəncamı var idi ki, ancaq Bakı və ərtafı azad et. Nərimanov isə buna razı olmadı. Nəticədə Lenin sərəncamı dəyişdi və o, buna nail oldu. Beləcə, Sovet hakimiyyəti bütün Azərbaycan ərazisində quruldu. İndi Nərimanova qarşı çıxış edənlər bunu bilmir".
Bu sözləri gənclərlə görüşündə "Unikal"ın müxbirinin sualına cavabında Azərbaycan Respublikasının ilk baş naziri olmuş Həsən Həsənov deyib.
O, N.Nərimanovun V.İ.Leninlə kəsdiyi şərtdən bəhs edib: "Rus qoşunları Azərbaycanda yerləşdiriləndən təxminən bir ay sonra Nəriman Nərimanov gəldi. Lenin ona təklif etdi ki, sən Azərbaycan hökumətinə başçılıq et. Nərimanov gəlmədən öncə şərt qoydu ki, Azərbaycan müstəqil dövlət olaraq qalacaq və paytaxtı da Bakı şəhəri olacaq. Çünki o, xəbər tutmuşdu ki, Bakıda qırğın törədilməsində məqsəd buranı rus əyalətinə çevirib, paytaxtı Gəncədə saxlamaqdır".
H.Həsənov Qarabağın saxlanılmasında Nərimanovun xidmətlərindən danışıb: "Sonra qərar qəbul olundu ki, Qarabağ bütövlükdə verilsin ermənilərə. Nərimanov bir gecənin içində dedi ki, ya qərarı dəyişirsiniz, ya da mən Azərbaycanın Sovet hakimiyyətinə cavabdeh deyiləm. Onlar da bunu başa düşdülər. Belə adama demək olar ki, rusa satılıb?
Yenə qərar verildi ki, Dağlıq Qarabağ Muxtar vilayəti yaradılsın. Amma onu da Nərimanov yaratmadı. Ondan sonra gələnlər bunu etdi.
Bakıdan gedəndən sonra, onun Bakıya gəlməsinə qadağa qoyuldu. 1925-ci ildə öləndən bir ay sonra, Nərimanova milliyyətçi deyib adının çəkilməsinə qadağa qoyuldu".
Ağarza Elçinoğlu